YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Azərbaycandakı səfiri: 2014-cü il Gürcüstan-Azərbaycan münasibətləri üçün çox səmərəli və əlamətdar olub

Başa çatmaqda olan 2014-cü il Gürcüstan-Azərbaycan münasibətləri üçün çox səmərəli və əlamətdar olub. 2014-cü ildə tərəflər arasında 50-dən çox rəsmi səfər həyata keçirilib. Bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze dekabrın 19-da keçirilən mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, cari ilin 9 ayı ərzində Azərbaycan ilə Gürcüstan arasında əmtəə dövriyyəsinin həcmi 870 milyon dollar təşkil edib, ilin sonunadək bu göstərici 1 milyard dollaradək artacaq.
Səfir həmçinin qeyd edib ki, Gürcüstan-Azərbaycan-Türkiyə formatında regional əməkdaşlıq uğurla davam etdirilir.
T.Şaraşenidze 2015-ci ildə başa çatdırılması, bu ilin sonunda isə ilk test iş qatarının xəttə buraxılması planlaşdırılan Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi məsələsinə də toxunub.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında aparılır. Layihənin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondu tərəfindən dövlət başçısının 2007-ci il 21 fevral tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
Layihə çərçivəsində dəmiryolu magistralının yeni 105 kilometrlik qolu tikilir. Bundan başqa, Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmiryolu sahəsi yenidən qurulur ki, bu da onun buraxıcılıq qabiliyyətini ildə 15 milyon ton yükədək artıracaqdır. Axalkalakidə qatarların Gürcüstanda mövcud dəmiryol xəttindən Avropa xəttinə keçirilməsi üzrə məntəqə də tikilir.
Dəhlizin ən yüksək buraxıcılıq qabiliyyəti ildə 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici bir milyon sərnişin və 6,5 milyon ton yük səviyyəsində olacaq.