YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrənin Cənubi Qafqazda və Qara Dəniz regionunda vasitəçilik missiyası Vaşinqtonda müzakirə edilib

Vaşinqtonda, Karnegi Beynəlxalq Sülh Fondunda “Cənubi Qafqazda və Qara Dəniz regionunda vasitəçilik: İsveçrə təcrübəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə regional münaqişələr və Avropanın vasitəçilik missiyası, o cümlədən Cənubi Qafqazda və Qara Dəniz regionunda münaqişələrin tənzimlənməsində İsveçrədən olan vasitəçilərin təcrübəsi müzakirə edilib.
Karnegi Beynəlxalq Sülh Fondunun böyük elmi işçisi, keçmiş diplomat Ceyms Kollinsin moderatorluğu ilə keçirilmiş tədbirdə Sürixdəki İsveçrə Ali Texniki Məktəbinin professoru, danışıqların və münaqişələrin tənzimlənməsinin öyrənilməsi üzrə mütəxəssis Maykl Ambyul və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xüsusi nümayəndəsi Ancelo Qnadinger çıxış edib.
Ermənistan ilə Türkiyə arasında Sürix Protokolu layihəsinin həyata keçirilməsində iştirak etmiş Maykl Ambyul İsveçrənin hər hansı birtərəfli siyasi ittifaqlarda iştirak etməyən və münaqişə tərəflərindən hər hansı birini dəstələməkdə siyasi marağı olmayan qərəzsiz bir vasitəçi kimi rolunu qeyd edib. O deyib ki, 2008-ci ilin avqust ayında, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin pozulması dövründə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan münaqişələrində İsveçrə müsbət rol oynayıb, Moskvada Gürcüstanın mənafelərini və Tbilisidə Rusiyanın mənafelərini təmsil edib.
M.Ambyul Ermənistan-Azərbaycan münaqişəsində öz ölkəsinin vasitəçilik rolundan danışaraq qeyd edib ki, İsveçrə ATƏT-in Minsk qrupunun işini və vətəndaş cəmiyyəti ilə iş üzrə layihələri dəstəkləyib.
Ancelo Qnadinger qeyd edib ki, İsveçrə ATƏT-də sədrlik etdiyi dövrdə Cənubi Qafqaz prioritet olub. O vurğulayıb ki, Berlin divarı uçurulandan 25 il keçir, lakin Avropada hələ də funksional siyasi quruluş, davamlı sülh və firavanlıq yoxdur. Qnadinger deyib ki, siyasi danışıqlarda irəliləyiş olmadığı münaqişə regionlarında etimadın möhkəmləndirilməsi tədbirləri səmərə vermir.
Məruzəçilər qeyd ediblər ki, vasitəçilər münaqişələrin tənzimlənməsi üçün danışıqlar formatının effektivliyini artırmağa çalışmalıdırlar, çünki nizamlanmamış münaqişələrdən birində ciddi irəliləyiş başqa münaqişələr üçün müsbət nəticələr doğura bilər. Onlar həmçinin vurğulayıblar ki, bu məsələdə “iri oyunçular” xüsusi məsuliyyət daşıyır, lakin münaqişələrin qəti həlli münaqişə aparan tərəflərin əlindədir.
Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi şöbəsinin əməkdaşı Natiq Baxışov da tədbirdə iştirak edib. N.Baxışov qeyd edib ki, Türkiyə-Ermənistan sərhədinin bağlanmasına səbəb 1993-cü ilin aprel ayında Azərbaycanın Kəlbəcər rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozulmasıdır.
Erməni diasporunun nümayəndəsinin Türkiyə ilə Ermənistan arasında “de-fakto” sərhədin bağlanmasının guya qeyri-legitim tədbir olması barədə şərhinə cavab olaraq Türkiyənin ABŞ-dakı səfirliyinin siyasi şöbəsinin əməkdaşı Utku Kundakçı deyib ki, Türkiyə-Ermənistan sərhədi beynəlxalq birlik tərəfindən tanınmış de-yure sərhəddir, buna görə də Türkiyə erməni millətçi ideologiyasının üstünlük təşkil etdiyi dövlətlə “de-fakto” sərhədlər haqqında (Ermənistan Türkiyənin Şərq vilayətlərinə ərazi iddiaları irəli sürür və mövcud Ermənistan-Türkiyə sərhədini tanımır) səmimi danışıqlar apara bilmir.