YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Bu il 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır

Ötən il ünvanlı sosial yardım mexanizmi ciddi şəkildə genişləndirildi. Əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq belə ailələrin sayı 72 min oldu. Yəni, bir il ərzində çox ciddi şəkildə, təqribən 60-70 faizlik bir artım əldə edildi. Digər tərəfdən, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

“Bununla bərabər, kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə Sizin tapşırığınız olmuşdu. Artıq ötən il bir sıra istiqamətlərdə addımlar atıldı, torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi. Bu il üçün də kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hazırlanmışdır və hökumət tərəfindən müzakirə olunur. Yeni parlament tərəfindən qanunvericiliyə edilən dəyişikliklərlə biz 85-90 min ailənin məhz ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasını təmin edəcəyik. Paralel olaraq, ehtiyac meyarının bir il ərzində ciddi şəkildə - 10 faizdən çox artırılması, 143 manatdan 160 manata çatdırılması imkan verdi ki, ünvanlı sosial yardımın məbləği də artsın. Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün proqnozlarımıza əsasən, bu rəqəm 215-220 manat arasında olacaq. Deməli, hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar”, - deyə Sahil Babayev bildirib.