YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir

«Ümummilli lider Heydər Əliyev bütün dövrlərdə doğma xalqına, Vətəninə sədaqətlə xidmət etmişdir. Ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanın inkişafına çox böyük töhfələr vermişdir». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, Ulu öndər bütün dövrlərdə şərəflə yaşayıb, bütün sınaqlardan üzüağ çıxıb. Ümummilli liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının zamanın və xalqın tələbi olduğunu bildirən dövlətimizin başçısı qeyd edib ki, əgər o vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi.

«Biz bütün bu tarixi anları yaxşı xatırlayırıq və bir daha bu məsələyə diqqət verməklə Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha görürük. Məhz o illərdə Azərbaycanın müasir siyasi sisteminin formalaşması üçün tarixi hadisə baş vermişdir. Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı da zamanın və xalqın tələbi idi.  O vaxt Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı, ölkədə xaos, anarxiya, böhran hökm sürürdü. İqtisadi və siyasi böhran ölkəmizin gələcək müstəqil həyatını sual altına qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, bütün qanunsuz silahlı birləşmələr tərk-silah edildi, sabitlik yarandı və Azərbaycan inkişaf etməyə başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi»- deyə, dövlət başçısı vurğulamışdır.

1993-2003-cü illərin Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirib ki, dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulub və o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir:  «Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir».

Müstəqilliyin bizim üçün ən böyük sərvət olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.