YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyms Appaturay: Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq

Əfqanıstanda sülhyaratma əməliyyatları başa çatdıqdan sonra da Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq.
Bu sözləri NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay jurnalistlərə müsahibəsində deyib.
NATO-nun enerji təhlükəsizliyi siyasəti, kiber təhlükəsizliklə bağlı spesifik layihələrinin olduğunu bildirən Ceyms Appaturay Azərbaycan hakimiyyətinin NATO-nun Əfqanıstandakı başlayacağı yeni əməliyyatlarla bağlı lazımi sənədləri tez bir zamanda imzaladığını xüsusi vurğulayıb. Gələn ilin əvvəllərində Bakıda səfər edəcəyini söyləyən xüsusi nümayəndə Azərbaycanın siyasi baxımdan NATO üçün strateji əhəmiyyətə malik olduğunu bildirib.
Görüləcək birgə işlərdən danışan C.Appaturay qeyd edib ki, Alyans Azərbaycan ilə əməkdaşlığı saxlamaqda maraqlıdır. “Demokratik inkişaf və idarəetmə məsələsinə gəldikdə, biz bu məsələləri Azərbaycan hökuməti ilə müzakirə etmişik. NATO Azərbaycanla əməkdaşlığın səviyyəsindən razıdır. Gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsində çalışacağıq. NATO-nun 2020 proqramı Alyansın fəaliyyətini daha da müasirləşdirmək məqsədi daşıyır. Müdafiə qabiliyyətliyinin artırılması, “Uyarlılıq platforması”, strateji dialoqla bağlı layihələrin daha da genişləndirilməsi birlikdə işləyəcəyimiz sahələrdir. Bu platforma çərçivəsində biz təhsil, fəal qabiliyyət konteksti istiqamətlərində əlaqələrimizi inkişaf etdirəcəyik. NATO Azərbaycanın müstəqil ölkə kimi qərarlarının dəstəklənməsinə kömək etməyə hazırdır” – deyə xüsusi nümayəndə qeyd edib.
Azərbaycanın İSAF əməliyyatlarına dəstək göstərdiyini bildirən C.Appaturay töhfələrin NATO tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. O bildirib ki, NATO Azərbaycan ilə müdafiə təhsili, enerji təhlükəsizliyinin təminatı, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahələrində birgə işləyəcək: Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə birgə infrastrukturun qorunması, torpaqların minalardan təmizlənməsi, əhalinin burada təhlükəsiz yerləşdirilməsi istiqamətində birgə çalışırıq. Biz Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunluq duyuruq və əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bilərik. İnsan hüquqları və idarəetmə sahəsində dialoqların aparılması Alyans üçün olduqca əhəmiyyətlidir.
Təhlükəsizlik sahəsində şəffaflığın təmin olunması, İPAP platforması çərçivəsində uğurlu əməkdaşlığın davam etdiyini söyləyən Ceyms Appaturay QHT, fövqəladə təhlükəsizlik çağırışları istiqamətlərində də əlaqələrin inkişafına diqqət yetiriləcəyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan xüsusi nümayəndə NATO-nun problemin həllində rolu olmasa da, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bununla bağlı bəyanatlarını dəstəklədiyini bildirib: “Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqladı. Təbiidir ki, biz münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, tərəflərin maraqlarına uyğun həllinin tərəfdarıyıq”.

 

DİGƏR Xəbərlər Arxiv