YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK sədri: Bələdiyyə seçkilərində iştirak etmək üçün daxil olan müraciətlərin 99 faizi qeydə alınıb

Dekabrın 8-də Bakıda icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda yekun məlumat sessiyası keçirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən sessiyada şəhər və rayon icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak edirlər.
Sessiyanı açan MSK sədri Məzahir Pənahov bildirdi ki, Azərbaycan Respublikasında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı bir ənənə formalaşıb. Aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaradır. Ölkəmizdə seçki praktikası təkmilləşdirilib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. MSK sədri azad və ədalətli seçkilərin keçirilməsi üçün dövlətimizin başçısının ciddi mövqeyini, konkret siyasi iradəsini, eləcə də diqqət və qayğısını vurğuladı. Dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq iş şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini qeyd edən Məzahir Pənahov seçki komissiyaları üçün yaradılan bu şəraitin dünyada nümunə olduğunu bildirdi.
Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək üçün bugünkü günədək 37100 nəfərdən artıq namizədin qeydə alındığını diqqətə çatdıran MSK sədri dedi: “Əslində bu, keçən dəfəki seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Ötən dəfə hər bələdiyyə üzvlüyü yerinə 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb. Nəzərə alsaq ki, budəfəki seçkidə bələdiyyələrin sayı bir qədər azalıb, onda builki seçkilərə böyük marağın olduğunu görərik. Demək olar ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Ümumiyyətlə, hazırlıq mərhələsi yüksək səviyyədə aparılıb və bütün məntəqələr səsverməyə hazırdır. Dekabrın 23-də keçiriləcək bu seçkilərdən də Azərbaycan üzüağ çıxacaq. Azərbaycanda seçki məntəqələrində yaradılan şərait Avropa ölkələri üçün nümunə ola bilər”.
Seçkilərdə müşahidəçi statusu qismində iştirak etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə müraciət olunduğunu deyən Məzahir Pənahov hələlik müraciətə cavab alınmadığını qeyd etdi. MSK sədri bildirdi ki, builki seçkilərdə yerli müşahidəçilərin sayı on mini keçib. Beş min məntəqənin hər birində orta hesabla üç müşahidəçi var. Səkkiz siyasi partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Ümumilikdə, namizədlər arasında 30 partiyanın təmsilçisi var”.
MSK sədri müşavirə iştirakçılarını ilin sonunda təşkil olunacaq bələdiyyə seçkiləri ilə bağlı görülmüş işlər və növbəti mərhələdə həyata keçiriləcək layihələr barədə məlumatlandırdı, tövsiyələrini verdi.

 

DİGƏR Xəbərlər Arxiv