YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri etimadı bərpa edəcək tədbirlərin görülməsini zəruri hesab edirlər

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir tərəfindən imzalanan bəyanatda həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyə tam sadiq olduqları bildirilir. Tərəflər zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırılır, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur. Bildirilir ki, iyul və avqust aylarında hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflərin atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədilə əlavə tədbirlər görməsinin və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalarının vacibliyi qeyd edilir. Bildirilir ki, noyabrın 12-də hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin görülməsinin zəruriliyini göstərdi.
Bəyanatda tərəflər humanitar problemləri 2010-cu ilin oktyabrında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünün yekun bəyanatının ruhuna uyğun həll etməyə çağırılır. Qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ildə Soçidə, Nyuportda və Parisdə keçirilmiş görüşləri tərəflər arasında ən vacib kommunikasiya kanalını canlandırıb.
Bəyanatda deyilir: “Biz prezidentlərin gələn il dialoqu fəallaşdırmaq bərədə Parisdə əldə etdikləri razılığı alqışlayırıq. Tərəflərin fikir ayrılıqlarını aradan qaldırması, etimadı bərpa etməsi və öz öhdəliklərini yerinə yetirərək münaqişənin yekun həllinə gətirib çıxaracaq danışıqlar prosesinə başlaması üçün fürsət yaranıb. Onların münaqişənin hərtərəfli həlli üçün ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış, xüsusən Paris görüşündə müzakirə olunmuş prinsip və elementlərin əsas kimi götürülməsini qəbul etmələri gözlənilir”.
Bəyanatda hərtərəfli sülh razılaşması üçün danışıqların mümkün qədər tez başlamasının zəruriliyi diqqətə çatdırılır.