YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə daha bir il Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu

“Son illərdə, hətta son onilliklərdə dünyanın ictimai-siyasi və idman həyatı ilə bağlı ən vacib hadisələrin təqvimində tez-tez ölkəmizin adına rast gəlmək olar. Hər il Azərbaycan böyük siyasi, yaxud ictimai forumlara, musiqi festivallarına, ya da idman tədbirlərinə ev sahibliyi edir. Yol saldığımız 2019-cu il də bu baxımdan istisna olmadı. Təkcə onu qeyd etmək yetər ki, cari ildə Azərbaycanda növbəti dəfə Formula 1 yarışları yüksək səviyyədə təşkil edildi, planetin gimnastika həyatının 2 əhəmiyyətli tədbiri – Bədii gimnastika üzrə 35-ci Avropa və 37-cin Dünya çempionatları keçirildi. Təkcə payız ərzində Azərbaycan paytaxtı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün, Qoşulmama Hərəkatının Zirvə görüşünün və Dünya dini liderlərinin II Zirvə görüşünün keçirilmə məkanı qismində çıxış etmişdir. Bütün bunlar müxtəlif millətlər və dinlər arasında dünya miqyasında sülh və anlaşmanın təmin edilməsinə yönəlmiş dialoqun dayanmadan aparıldığı ən əhəmiyyətli qlobal meydançalardan biri kimi Bakının statusunu möhkəmləndirmiş oldu. BMT-nin Baş katibinin dediyi kimi, “Bakı cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır”. Təsadüfi deyil ki, NATO və Rusiyanın Baş qərargah rəisləri dialoq üçün mövzu və proqramları razılaşdırarkən danışıqları başqa bir yerdə deyil, Bakıda aparmağa üstünlük verirlər”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu il Azərbaycan uğurla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünü keçirmiş, bununla da, türkdilli dövlətləri arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə vermişdir. Xatırlatmaq yerinə düşər ki, bu zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunmuşdur. Bu, son illərdə regional siyasətin qurulmasına təsir edən ən vacib regional təşəbbüslərin təşəbbüskarı qismində ölkəmizin mövqeyinin möhkəmlənməsi faktını bir daha təsdiq edir. Şübhəsiz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvanda yaradılmasını ən vacib təşəbbüslərdən biri hesab etmək olar. Bakıda keçirilən tədbir həm də ona görə müstəsna əhəmiyyət kəsb edirdi ki, Özbəkistan Respublikası ilk dəfə olaraq, bu tədbirdə təşkilatın daimi üzvü qismində iştirak edirdi, bu da Türkdilli dövlətlər formatının davamlı olaraq inkişaf etdiyini və möhkəmləndiyini sübut edir. Təşkilatın mövcud olduğu 10 il ərzində ölkələr arasında humanitar əlaqələrin və iqtisadi layihələrin inkişafına xüsusi diqqət yetirilmişdir. Xüsusilə də, söhbət nəqliyyat və energetika sahələri, turizm və qarşılıqlı sərmayə qoyuluşunda aktiv qarşılıqlı fəaliyyətdən gedir. Vahid informasiya məkanı formalaşdırılmış, ümumi televiziya kanalı yaradılmış, həmçinin, ümumi informasiya agentliyinin yaradılması da planlaşdırılır. “Türksoy” müstəvisində dilçilik mövzularına ümumi yanaşmalarla bağlı məsələlər müzakirə edilir.

“Digər tərəfdən, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi təkcə ölkəmizin tarixində deyil, bütün dünyanın siyasi həyatında vacib hadisəyə çevrildi. Azərbaycan üçün bu tədbir ən azı ona görə əhəmiyyətli idi ki, Azərbaycanın 2019-2022-ci illər üçün bu nüfuzlu beynəlxalq strukturda sədrliyə başlaması ilə səciyyələnirdi. Bütün dünyaya isə, bu hadisə Qoşulmama hərəkatına üzv ölkələrin qlobal siyasətdə ikili standartlar siyasətinə qarşı və beynəlxalq hüququn aliliyi naminə mübarizə aparmaq potensialını bir daha nümayiş etdirdi. Şübhəsiz ki, Azərbaycanın sədrliyi dövründə Hərəkatın fəaliyyət gündəliyində ön planda təhlükəsizlik, habelə, terrorizm, ekstremizm və aqressiv separatçılıqla mübarizə məsələləri olacaq. Bu baxımdan, Qarabağ münaqişəsi mövzusunun işıqlandırılması ölkəmiz üçün vacib əhəmiyyət kəsb edir. Azərbaycan BMT-nin işğal olunmuş ərazilərin azad edilməsinə dair bütün qətnamələrinin yerinə yetirilməsinə israr edəcək və öz haqlı tələblərinin Qoşulmama Hərəkatı üzvləri tərəfindən dəstəklənəcəyinə ümidvardır. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan təşkilatda müşahidəçi statusuna malikdir. Nümayəndələri Bakıya gəlməsə də, bu ölkə Hərəkatın fəaliyyətində və qəbul edilən qərarlarda bu və ya digər formada iştirak edir. Dağlıq Qarabağ münaqişəsinin ayrıca bəndlə ifadə olunduğu qətnamənin qəbul edilməsi bir daha göstərir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan təcrid olunmuş vəziyyətdədir, onun mövqeyi ədalətsiz və zərərlidir və bu dövlət gec-tez yanaşmasını dəyişmək məcburiyyətində qalacaqdır. İrəvanda bunu nə qədər tez başa düşsələr onlar üçün bir o qədər yaxşıdır”-deyə, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri vurğulayıb.

Millət vəkili söyləyib ki, Ölkə Prezidenti İlham Əliyevin “Valday” Diskussiya Klubundakı mövtəşəm çıxışını xüsusilə qeyd olunmalıdır: “Bu il tədbirin əsas mövzusu “Şərqin şəfəqi və dünya siyasi quruluşu” olmuşdur. “Valday” klubunun iclası çox vacib bir tədbirdir, belə ki, Rusiya siyasəti üçün Şərq istiqaməti xüsusi maraq kəsb etməyə başlayır və Azərbaycanın da bir sıra digər Şərq ölkələri ilə yanaşı “Valday” klubunun gündəliyinə daxil edilməsi Rusiyanın xüsusilə də, Rusiya diplomatiyasının Şərq istiqamətində strateji hədəflərinin icrası baxımından etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırdığını göstərir və bu bizim üçün çox vacib məsələdir. Bilirik ki, Yaxın və Orta Şərqdə, habelə, Cənub-Şərqi Asiyada qlobal xarakterli çox ciddi proseslər baş verir və Azərbaycanın bu qlobal geosiyasətdə Rusiyanın tərəfdaşı qismində qəbul edilməsi bizim üçün çox vacib əhəmiyyət kəsb edir və Azərbaycanın regionda nüfuzunun artdığını sübut edir. Heç şübhəsiz ki, yola saldığımız ilin ən vacib xarici siyasət hadisələri sırasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfərini, XTNS-də “Azərbaycan” pavilyonunun açılmasını və Rusiya paytaxtında X Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumunun keçirilməsini göstərmək olar. Bütün bunlar ümumilikdə Azərbaycan-Rusiya əlaqələrinin dinamikası baxımından yaxşı imkanlar yaradır. Qeyd etmək yerinə düşər ki, artıq neçə illərdir iqtisadi qarşılıqlı əməkdaşlıq məsələləri iki ölkə arasında əməkdaşlığın prioritetlərini müəyyən edir. Bu baxımdan regionlar arasında əlaqələr böyük potensial və imkanlara malikdir. Eyni zamanda, Rusiya Federasiyasının qonşu Qafqaz respublikaları, Volqaboyu vilayətləri və mərkəzi şəhərləri ilə əlaqələr Azərbaycan üçün xüsusilə aktualdır”.

S.Fətəliyeva deyib ki, iqtisadi əlaqələrin aktivləşdirilməsi, son illərdə onların yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi yəqin ki, ikitərəfli gündəlikdə ən çox müzakirə olunan mövzudur. Tərəflər açıq şəkildə mal dövriyyəsi səviyyəsini əlavə dəyər zəncirinin yaradılması, istehsal texnologiyalarının müştərək inkişafı, üçüncü ölkələrin bazarlarının birgə mənimsənilməsi, kompleks logistika layihələrinin yaradılması, yüksək texnologiyalar sahəsində mütləq artıma nail olmaq həddinə çatdırmağı qarşıya məqsəd qoyurlar. Söhbət Azərbaycan və Rusiya arasında biznes kooperasiyasından, daha sıx əməkdaşlıq üçün yeni inteqrasiya müstəvisi və meydançalarının yaradılmasından gedir. Rusiya tərəfi üçün Azərbaycan inkişaf etməkdə olan bazar və eyni zamanda, potensial xarici sərmayələr mənbəyidir. Son illərdə rəsmi Bakı xarici sərmayələrə daimi maraq nümayiş etdirməyə başlamışdır, bu isə, bir tərəfdən, xarici iqtisadi əlaqələri şaxələndirmək, digər tərəfdən, onlara dinamika və dayanıqlılıq bəxş etmək istəyindən qaynaqlanır. Rəsmi Moskva Azərbaycanın Rusiyaya sərmayə qoyuluşlarının regionlara, xüsusilə də, Qafqaz və Volqaboyu regionlarına yönəldilməsində maraqlıdır. Bu məqsədlə sözügedən regionları təmsil edən Rusiya Federasiyası subyektlərinin rəhbərləri tez-tez Azərbaycana səfərlər edirlər. Mart ayında Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xizri Şıxsaidovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuş, fevral ayında isə, Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir. Aprel ayında rəsmi Bakı və Qroznı arasında Azərbaycanda Çeçen Respublikasının nümayəndəliyinin açılması haqqında razılaşma əldə olunmuşdur, fevral ayında isə, Həştərxan vilayətinin qubernatoru vəzifələrini müvəqqəti icra edən Sergey Morozov bildirmişdir ki, Həştərxanda Azərbaycanla əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı hazırlanmaqdadır ki, buraya iqtisadi forumların təşkili, jurnalist və turizm agentliklərinin qarşılıqlı səfərləri, yaradıcı kollektivlərin qastrolları və s. daxil olacaqdır.

S.Fətəliyeva söyləyib ki, hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır: “Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.Ötən bir il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımız tam təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə daha bir il də Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu”.