YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Müəllimlərin orta aylıq əməkhaqqı 600 manata çatıb

“Son illərdə əldə etdiyimiz ən böyük nailiyyətlər məhz müəllim nüfuzunun yüksəldilməsi ilə bağlıdır. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfərdən çox olub”. Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda deyib.

C.Bayramov bildirib ki, son iki tədris ilində mərkəzləşdirilmiş müsabiqə nəticəsində 20 minə yaxın müəllim işə qəbul edilib, vakant yerlərin 100 faiz tutulması təmin edilib, uzun illər ərzində ixtisaslı kadr çatışmazlığı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, hazırda 10 mindən çox müəllim bu tədbirlərdən faydalanmaqdadır.

 “Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Bu tədbirlərin davamı kimi, ölkə Prezidentinin Sərəncamına əsasən müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və beləliklə orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər  təşkil edib. Sevindirici haldır ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərmiş abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı dəfələrlə artıb. Cari ildə 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri müəllimlik ixtisaslarını seçib ki, bu da istər müəllim peşəsinin rəqabətliliyi, istərsə də təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına, yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək”-deyə, nazir vurğulayıb.