YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Məhz Ilham Əliyevin Liderliyi nəticəsində Azərbaycanımız növbəti 2020-ci ildə də böyük uğurlar və zəfərlərə imza atacaq

Tarixdə ikinci müstəqilliyimizin 28 ilini artıq geridə qoymuşuq. Ötən dönəmi, müstəqillik illərimizi bir neçə mərhələyə bölmüş olsaq, fəxr, qürur hissi ilə və heç nədən çəkinmədən son 16 ili ölkəmizin, dövlətimizin əsl tərəqqi, çiçəklənmə və inkişaf dövrü kimi qiymətləndirərdik. Bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib. O bildirib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət kursunun 2003-cü ilin oktyabr ayından cənab Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi nəticəsində Azərbaycanımız özünün müstəqil inkişafının daha önəmli mərhələsinə qədəm qoydu. 2004-cü ilin fevral ayından regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan ilk Dövlət Proqramının qüvvəyə minməsi ilə Azərbaycanda islahatlar prosesinin növbəti və daha vacib mərhələsinə start verilmiş oldu. Həmin proqramın çox uğurlu şəkildə icra olunması, yerinə yetirilməsi ilə uzun illər, ötən əsrin 80-ci illərinin ortalarından başlayan və 90-cı illərin axırlarına qədər davam edən gerilik, tənəzzül dövrü tam arxada qoyuldu, tarixin arxivinə göndərildi. Azərbaycan regionları sözün əsl mənasında ayağa qalxa bildi, onun siması dəyişdi, gözəlləşdi. Yüz minlərlə yeni iş yerlərinin açılması, çox mühüm əhəmiyyətli müəssisələrin, obyektlərin işə salınması, tikilib-istifadəyə verilməsi ilə regionlarımızda əsl inkişaf, yüksəliş, tərəqqi yaşandı. İnsanların maddi rifah halı, sosial durumları, güzəranları yaxşılaşdı, işsizliyin, yoxsulluğun səviyyəsi böyük fərqlə aşağı salındı. Regionlarla iri şəhərlər, sənaye mərkəzləri, o cümlədən, paytaxt Bakı arasında fərqlər demək olar ki, minimuma endirildi. Eyni zamanda, ölkədə aparılan məqsədyönlü və düşünülmüş siyasət nəticəsində sənaye mərkəzləri kimi tanınan bölgələrimiz, şəhərlərimiz, xüsusilə, paytaxt Bakımız gözəlləşdi, inkişafının yüksək mərhələsinə çatdı, sənayeləşmə yolunda böyük məsafə qət etdi. Bu gün Bakı şəhəri ilə yanaşı qədim Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri dünyanın sənaye mərkəzləri ilə rəqabət aparmaq imkanına malikdirlər və yaxud bu istiqamətdə böyük, inamlı addımlarla irəliyə doğru gedirlər.
Birinci Dövlət Proqramının uğurlu icrası növbəti dövlət proqramlarının imzalanması üçün bir stimul, baza rolunu oynadı. Əgər birinci mərhələ uğurla başa çatdırılmasaydı, bəlkə də digərlərinə ehtiyac qalmazdı. Ancaq birinci proqramın uğurlu şəkildə yerinə yetirilməsi, cəmiyyətdə, insanlarda məmnunluq yaratması yeni dövlət proqramlarının imzalanmasına rəvac verdi, onu stimullaşdırdı. Artıq ötən dövr ərzində üç Dövlət Prqoqramı reallaşdırılıb və bu ilin əvvəlindən dördüncü Dövlət Proqramının icrasına start verilib.
Ötən 16 ildə Azərbaycanın nailiyyətləri, zəfərləri sırasında heç şübhəsiz ki, ən öndə yerdə uğurlu neft strategiyası dayanır. Əsası 1994-cü ildə tarixi “Əsrin müqaviləsi” ilə qoyulan yolda ötən illər ərzində böyük zəfərlərə imza atıldı. “Bakı-Tbilisi-Ceyhan”, Bakı-Tblisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars”, Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən olan TANAP layihəsi reallaşdırıldı, bugünlərdə TANAP-ın ikinci mərhələsi özünün uğurlu sonluğuna, Avropa qitəsinə çatdı. Üzümüzə gələn 2020-ci ildə isə növbəti layihənin-TAP-ın icrasının başa çatdırılması gözlənilir. Həmçinin, 1996-ci ildə başlayan və 22 il davam edən danışıqlar prosesinə son qoyularaq, məhz Azərbaycanın böyük səyləri və fədakarlıqları nəticəsində 2018-ci ilin avqustunda Xəzərin hüquqi statusunu müəyyənləşdirən tarixi Aktau anlaşması baş tutdu. Bununla da, Xəzərin sülh və təhlükəsizlik dənizinə çevrilməsi istiqamətində önəmli addım atıldı. Bu gün fəxr və qürur hissi ilə demək olar ki, Azərbaycan nəinki bölgənin, həmçinin, Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinin əsas
faktorlarından birinə çevrilib. Eyni zamanda, ölkəmiz investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Bunun əyani nümunəsi kimi, qonşu Gürcüstanı, dost və qardaş Türkiyəni, strateji müttəfiqlərimizə çevrilən Macarıstanı, Belarusu, Serbiyanı göstərmək olar. Bu ölkələrə ötən illərdə milyardlarla dollar həcmində investisiya, sərmayə yatırılıb, həm bu ölkələrin, həm də Azərbaycanın inkişafına töhfələr verilib, ölkəmizin dünyadakı yerinin, nüfuzunun möhkəmləndirilməsinə, lider dövlətlərdən birinə çevrilməsinə nail olunub.
Azərbaycan dünyanın sabitlik və təhlükəsizlik adasına, siyasi, iqtisadi, mədəni, humanitar, hərbi dialoq məkanına, milli və dini tolerantlıq mərkəzinə çevrilib. Ölkəmizin yeri, mövqeyi dünyanın nüfuzlu reytinq mərkəzlərinin mütəmadi açıqladıqları hesabatlarında daha aydın şəkildə görünüb, ölkəmiz ön yerlərdə bərqərar olunub. Ölkəmiz dünyanın ən nüfuzlu təbdirlərinin keçirildiyi bir məkana çevrilməyi bacarıb, etibar və etimad sahibi olub. Bir müddət öncə BMT-dən sonra dünyanın ikinci ən nüfuzlu təşkilatı olan Qoşulmamaq Hərəkatının növbəti Zirvə toplantısının Azərbaycanda keçirilməsi, quruma sədrliyin növbəti 3 ildə Azərbaycana keçməsi, o cümlədən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakı Zirvəsi, TÜRKPA-nın bugünlərdə paytaxtımızda baş tutan növbəti yığıncağı, sədrliyin Azərbaycana keçməsi və sair, bunlar ölkə Prezidenti tərəfindən aparılan müdrik və uzaqgörən siyasətin bəhrələri, töhfələridir.
Ötən 16 il ərzində həmçinin, Azərbaycan mədəniyyətinin inkişafında böyük nailiyyətlərə, uğurlara imza atılıb. Azərbaycan muğamı, ifaçılıq sənəti ölkə sərhədlərinin hüdudlarını aşaraq, dünyada tanınıb, şöhrətlənib, nüfuz qazanıb, Azərbaycan muğam sənətində ikinci nəfəs əməl gəlib. Ölkəmizdə muğam müsabiqələrinin, festivallarının keçirilməsi, o cümlədən, dünyamiqyaslı “Eurovision” mahnı müsabiqəsinə uğurla evsahibliyi edilməsi bu inkişafın əməli nəticələridir. Bunlar da məhz Azərbaycan dövlətinin, ölkə rəhbərinin, o cümlədən, Heydər Əliyev Fondunun və onun prezidenti, ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın geniş və hərtərəfli dəstəyi, diqqət və qayğısı nəticəsində mümkünkləşib. Heç təsadüfi deyil ki, bu ilin əvvəllərində ölkə başçısının və Birinci vitse-prezidentin ölkənin ən nüfuzlu və tanınmış yaradıcı insanları ilə bir araya gəlməsi, orada qaldırlan məsələlərin diqqətlə dinlənilməsi və nəzərə alınması nəticəsində Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində ardıcıl fərman və sərəncamlar imzalanıb, dövlət büdcəsindən külli miqdarda vəsait ayırılıb. Bunun özü Azərbaycan dövlətinin inkişafından və qüdrətindən xəbər verib. Əgər Azərbaycan dövləti iqtisadi cəhətdən güclü və qüdrətli olmasaydı, bunlar mümkün olmazdı.
Eyni zamanda, ilin əvvəlində dövlət başçısı tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi şairimizin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamın imzalanması dövlət və dövlət başçısı səviyyəsində sözə, əbəbiyyata nə qədər böyük önəm verilməsinin əyani təsdiqidir. Çünki haqq və ədalət carçısı olan dahi Nəsiminin yubilyenin qeyd olunması həm də Azərbycanın, onun mədəniyyətinin, ədəbiyyatının, ədəbi nümunələrinin təbliğ olunması, dünyada tanıdılması baxımından əlavə fürsət və şans demək idi. Bir il ərzində də bu yöndə çoxsaylı tədbirlərin keçirilməsi bir daha qarşıya qoyulan hədəflərə çatılması baxımından çox mühüm faydaları ilə özünü nümayiş etdirdi. Azərbaycan Nəsimi ilə bir daha dünyaya işıq, nur saçdı, daim haqqın və ədalətin yanında olduğunu dünyaya bəyan etdi.
"Ümumiyyətlə, ötən 16 ilin son bir ilini, xüsusilə də, 2018-ci ilin 11 aprel seçkilərindən keçən dövrü Azərbaycanda inkişafın növbəti və daha sürətli mərhələsi kimi xarakterizə etsək, o biri illərin uğuruna kölgə salmış, haqqına girmiş olmarıq. Çünki 11 aprel prezident seçkilərindən, o cümlədən, ilin əvvəllindən Azərbaycanda davamlı xarakter daşıyan islahatlar prosesinin ən yüksək mərhələsinə daxil olunub. İslahatlar prosesi bütün sahələri əhatə etməklə, günü-gündən geniş vüsət almaqda və dərinləşməkdədir. İlin əvvəlindən pensiyaların, əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin iki dəfə artırılması, pensiyaların 114 manatdan 200 manata, minimum əmək haqlarının 130 manatdan 250 manata çatdırılması Azərbaycan iqtisadi inkişafının, islahatlar prosesinin dərinləşdirilməsinin göstəricisidir. Eyni zamanda, bu ilin əvvəlində ölkə Prezidentinin də bəyan etdiyi kimi, analoqu olmayan Fərmanın imzalanması, problemli kreditlərlə bağlı məsələnin həlli yolunda önəmli qərarın verilməsi, bu prosesin 800 mindən çox insanı əhatə etməsi, 311 mindən çox məhkəmə işinin dayandırılması, ləğv edilməsi sözlə ifadəsi mümkün olmayacaq çox əhəmiyyətli və vacib addımlardandır. 3 ildən artıq cəmiyyətimizi, insanlarımızı üzən, narahat edən bir problemin dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həll olunması sözün əsl mənasında tarixi və humanist addımdır. Bununla Azərbaycan dövləti, ölkə rəhbərliyi bir daha öz vətəndaşının yanında olduğunu əməli addımlarla nümayiş etdirdi. Bununla yanaşı, ilin əvvəllərində Şamaxı-Ağsu bölgələrində zəlzələnin baş verməsi, həmçinin. “Diqlas” ticarət mərkəzində yanğının yaşanması ilə insanlara, ölkə vətəndaşlarına dəyən böyük maddi-mənəvi ziyanın, zərərin dövlət tərəfindən qarşılanması, bu proseslərin dövlət başçısı və Birinci vitse-prezident tərəfindən nəzarətə götürülməsi, kompensasiyalar ödənilməsi ilə bağlı tapşırıqların verilməsi ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan insanının dayandığını gözlər önünə sərmiş oldu, iqtidar-xalq birliyinin, vəhdətinin əyani sübutuna çevrildi.
Həmçinin, islahatlar prosesinin bir daha kadr və srtuktur dəyişikliklərində yaşanması, özünü büruzə verməsi 2019-cu ilin ən böyük uğurlarından sayıla bilər. Yeni strukturların yaradılması, paralel, bir-birini əvəzləyən qurumların birləşdirilməsi, eləcə də, hökumətin tərkibində, icra hakimiyyəti strukturlarında, Prezident Administrasiyasında yenilənmələrin edilməsi, daha uğurlu və layiqli kadrların irəli çəkilməsi Azərbaycanda islahatların, o cümlədən, kadr və struktur islahatlarının geridönməz hal aldığının, bunun qarşısının heç bir cəhdlə alına bilməyəcəyinin əyani nümayişi oldu. Azərbaycan dövləti və dövlət başçısı bir daha bu məsələlərdə öz iradəsini, qətiyyətini nümayiş etdirdi. 2019-cu ilin ən önəmli hadisələri sırasında həmçinin, islahatlar prosesinin ruhuna uyğun olaraq, 5-ci çağırış parlamentin vaxtından əvvəl buraxılması və yeni seçkilərin təyin olunmasını göstərmək olar. Ölkəmiz, cəmiyyətimiz artıq yeni seçkilərə gedir, 2020-ci ilin fevralın 9-da növbəti parlament seçkiləri keçiriləcək. İnanır və qəti əminik ki, bu seçkilər nəticəsində formalaşacaq yeni tərkibli parlament ölkədə islahatlar prosesinin daha da dərinləşdirilməsinə özünün töhfələrini vermiş olacaq, yeniliyi, yenilik ruhunu özündə daşıyacaq.
Artıq 2019-cu ilin son günlərini yaşayırıq. 2020-ci ilə saylı günlər qalıb. Növbəti ilə çox böyük ümüdlərlə qədəm qoyuruq. Çünki bu ümidlər üçün böyük baza, güclü, qüdrətli Azərbaycan, onun İlham Əliyev kimi müdrik Lideri var. Məhz İlham Əliyevin Liderliyi nəticəsində Azərbaycanımız növbəti 2020-ci ildə də böyük uğurlarına, zəfərlərinə imza atacaq, bir millət olaraq, hər birimizin ağrısına, acısına çevrilən Qarabağ probleminin ədalətli və müsbət həllinə nail olunması istiqamətində önəmli nəticələrə nail olunacaq. Buna kimsənin şübhəsi olmasın. Bu, reallıq və həqiqətdir!"-deyə K.Əliyeva əlavə edib.