YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 11-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Dövlət Komitəsinin sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, diplomata ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb, Azərbaycan-Qətər arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin önəminə toxunub.

Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa geniş məlumat verərək, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi üzrə ölkəmizdə son illər görülmüş işlərdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini icmalara hərtərəfli dəstək verilir. Azərbaycan dövləti bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir. Komitə sədri vurğulayıb ki, Azərbaycanda tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılmasının prioritet olması, tolerantlıq, multikulturalizm ideyalarına sadiqliyimiz, nəticə etibarilə Azərbaycanın beynəlxalq miqyasda nümunəvi məkana çevrilməsini şərtləndirir.

Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ötən ay ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Sammitinin önəminə toxunaraq Azərbaycanın bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkə kimi tanındığını vurğulayıb. Dost xalqların oxşar dəyərlərə sahib olduğunu bildirən səfir ölkələrimizdə multikultural və tolerant ənənələrin, harmonik münasibətlərin mövcud olduğunu bildirib.

Dini sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr etdirdiyi kitablar təqdim edilib.