YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib

“Respublikamızda son illər innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması, davamlı olaraq aparılan iqtisadi və kadr islahatları, yeni iri sənaye və aqrar müəssisələrinin fəaliyyətə başlaması və digər tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın dinamik artımına öz müsbət təsirini göstərməkdə davam edir. Bu da onu göstərir ki, ölkəmizdə iqtisadi inkişaf strategiyasının bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə aparılır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu gün parlamentdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

E.İbrahimov bildirib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, həqiqətən də ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində dövlət başçısının dediyi kimi Azərbaycan vətəndaşı, onun maddi-rifah halının daim yaxşılaşması dayanır. Bunu təsdiq edən əsas göstəricilər isə əsas kapitala yönələn investisiya və sosial yönümlü xərclərdir. Gələn ilin büdcəsində əsas kapitala investisiyalar 18,3 milyard manata çatdırılacaq ki, bu da əvvəlki illərdən xeyli çoxdur. 2020-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin  dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi ilk dəfə olaraq 38,5 faizə çatacaq ki, bu da inkişaf etmiş bir çox dünya ölkələrinin arzu etdiyi səviyyədir. Bu da onu sübut edir ki, 2020-ci ilin büdcəsi investisiya və sosial tutumlu büdcədir.

Komitə sədrinin sözlərinə görə, cənab  İlham Əliyev Prezidentliyinin ilk illərindən başlayaraq ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün daim əsaslı tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə regionların inkişafına, habelə iqtisadiyyatın ayrı-ayrı sahələri və müxtəlif problemlərin həllinə yönəlmiş bir neçə Dövlət Proqramları qəbul edilərək uğurla yerinə yetirildi və bu gün də öz bəhrəsini verməkdədir. Əlbəttə, bu nailiyyətlərin əldə edilməsi ilk növbədə iqtisadiyyatın müxtəlif sahələrinə daha savadlı, bacarıqlı və işgüzar kadrların seçilib rəhbər vəzifələrə yerləşdirilməsindən asılıdır. Vergilər Nazirliyində və Gömrük Komitəsində aparılan kadr siyasəti bunu bir daha təsdiq etdi. Belə ki, 2020-ci ildə 2018-ci ilə nisbətən dövlət büdcəsinin gəlirlərinin artımı Vergilər Nazirliyi üzrə 7 faiz, Gömrük Komitəsi üzrə isə 17 faiz təşkil edəcəkdir. Gömrük Komitəsində 2017-ci ilə nisbətən 2020-ci ildə 1,6 milyard manat və ya 54 faiz artım gözlənilir. Əvvəlki dövrlərdə isə illik artım cəmi 0,5-1,0 faiz təşkil edirdi.

“Qeyd etmək lazımdır ki, dövlətin üzərinə götürdüyü əsas öhdəlik ölkənin milli təhlükəsizliyini və onun tərkib hissəsi olan ərzaq təhlükəsizliyini təmin etməkdir. Ərzaq təhlükəsizliyinin isə əsas bazasını kənd təsərrüfatı təşkil etdiyindən bu sahə hörmətli Prezidentimizin diqqət və qayğısı ilə daim əhatə olunmuşdur. Xüsusi ilə son illər aqrar sahədə məhsuldarlığın yüksəlməsi, yeni texnika və texnologiyaların tətbiqi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, müasir tələblərə cavab verən aqroparkların və digər iri kənd təsərrüfatı obyektlərin yaradılması istiqamətində büdcə vəsaiti və güzəştli kreditlər hesabına əhəmiyyətli işlər görülmüşdür. Məhz həyata keçirilən bu tədbirlər nəticəsində son illər kənd təsərrüfatı məhsul istehsalında sürətli artım əldə edilmişdir. 2020-ci ilin büdcə layihəsində kənd təsərrüfatı bölməsi üzrə 921 milyon manat, o cümlədən 447,4 milyon manat kənd təsərrüfatı və 426 milyon manat meliorasiya tədbirlərinə vəsait ayrılması nəzərdə tutulur ki, bu da cari ildən 97 milyon manat və ya 11,8 faiz çoxdur. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilmişdir. Məsələn, əvvəllər kənd təsərrüfatı meşə təsərrüfatı, balıqçılıq və ətraf mühit ilə bir bölmədə verildiyi halda indi ayrıca bölmədə verilir. Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulan vəsaitin 330 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalına subsidiya verilməsinə, 97,7 milyon manatı aqrar sahədə Dövlət Proqramlarına və digər tədbirlərə dövlət dəstəyi ilə bağlı xərclərə sərf ediləcəkdir. Əlamətdar haldır ki, Milli Məclisin bu ilin iyun ayında qəbul etdiyi “Aqrar sığorta haqqında” Qanuna uyğun olaraq 2020-ci ilin dövlət büdcəsində kənd təsərrüfatında sığorta ilə bağlı xərclərə 5 milyon manat vəsait ayrılmışdır. Bundan başqa gələn ilin büdcəsində baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün 35,4 milyon manat vəsait sərf ediləcək ki, bu da cari ilin göstəricisindən 10 milyon manat və ya 39 faiz çoxdur. Naxçıvandan seçilən deputat kimi Naxçıvan Muxtar Respublikasının ehtiyac və qayğılarına diqqətlə yanaşdıqları üçün başda hörmətli Prezidentimiz olmaqla Maliyyə naziri Samir Şərifova və büdcə layihəsinin tərtibində iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm”-deyə, komitə sədri vurğulayıb.