YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Belarusun Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Z.Həsənov Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycanın Belarusun müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Müdafiə naziri hazırda hərbi-texniki sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini və genişləndiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir və bütün məsələlərdə qarşılıqlı dəstək verirlər. Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

General-polkovnik Z.Həsənov Belarusun ölkəmizdə yeni hərbi attaşesi, polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun fəaliyyətinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.

Tərəflər ikitərəfli hərbi əməkdaşlığın və ölkələrimizin Müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı təhlil edilib, dövlətlərimizin regional təhlükəsizliyə töhfələri xüsusi vurğulanıb.

Görüşün sonunda Azərbaycan Respublikasının və Belarus Respublikasının Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli Əməkdaşlıq Planı imzalanıb. Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur.

 

DİGƏR Xəbərlər Arxiv