YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan dünya siyasətinin gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayır

Qoşulmama Hərəkatı 120 dövlətin üzv olduğu, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatı, eyni zamanda, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır.

Bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Azərbaycanın 2011-ci ildən bu təşkilatın üzvü olduğunu bildirən Vüqar Rəhimzadə deyib: “Hazırda Qoşulmama Hərəkatına üzv ölkələrdə yaşayan əhalinin sayı bütün dünya əhalisinin 55 faizini təşkil edir. Dünya neft ehtiyatlarının 75 faizi, təbii qaz ehtiyatlarının 55 faizdən çoxu bu ölkələrin payına düşür. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində də ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazandı. Məhz bu nüfuzun nəticəsidir ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

“Təsadüfi deyil ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi tarixi hadisə oldu”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, bu Sammitdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Qeyd olunub ki, ümumilikdə, Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, uğurlu siyasət nəticəsində artıq Azərbaycanda təşkil olunan bütün qlobal tədbirlər dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformaya çevrilir. Bu, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan və ölkəmizin əldə etdiyi böyük uğurlardan xəbər verir.

Quruma sədrlik səlahiyyətinin 3 il müddətində Azərbaycanda olmasının ölkəmizin beynəlxalq aləmdəki yerinin, rolunun, çəkisinin, nüfuzunun daha da artmasına və möhkəmlənməsinə gətirib çıxaracağını vurğulayan Vüqar Rəhimzadə bildirib: “Heç şübhəsiz, Azərbaycan bu tarixi fürsətdən, şansdan istifadə edərək ölkə həqiqətlərini, reallıqlarını, öz inkişafını dünyaya daha yaxından nümayiş etdirəcək, beynəlxalq aləm bir daha Azərbaycanın tərəqqisinin şahidi olacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü olduqca tarixi və böyük siyasi hadisə, ölkəmizin növbəti uğuru oldu”.