YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir

"Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı". Bunu Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, 60-a yaxın ölkənin dövlət və hökumət başçılarının, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin, ümumilikdə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin Zirvə Görüşünə Azərbaycanın ən yüksək səviyyədə evsahibliyi etməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən hadisədir.

Millət vəkili bildirib ki, bütün dünya ictimaiyyətinin diqqət yönəltdiyi Zirvə görüşü dünya 2 gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisəsinə çevrildi, beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlərin geniş müzakirəsinə şərait yaratdı. Bu, həmçinin Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, ölkəmizə olan güclü etimadın əyani göstəricisidir.

 S.Qafarova deyib ki, Qoşulmama Hərəkatı hazırda dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizi təşkilata üzv dövlətlərin payına düşür: "Ölkəmizin bu təşkilatda fəal rol oynaması heç də təsadüfi deyil. Əvvəla, Azərbaycanın öz siyasətində rəhbər tutduğu və müdafiə etdiyi dəyərlər bu təşkilatın prinsipləri ilə üst-üstə düşür. Digər tərəfdən, bu təşkilat sahib olduğu iqtisadi, siyasi resurslarla geniş əməkdaşlıq platforması təklif edir. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töfhələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır. Heç də təsadüfi deyil ki,  Azərbaycanın təşkilata üzv olduğu 8 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılmasna nail olub, təşkilatın qəbul etdiyi sənədlərdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Son olaraq Bakıda Zirvə görüşünün yekununda qəbul olunan sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək ifadə olunub, təşkilata üzv olan ölkələrin dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt olunmasının yolverilməzliyini vurğulayıb və bəyan ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəzyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə "işğalçı" ifadəsi işlədilir ki, bu da Ermənistanın növbəti dəfə, 120 dövlət tərəfindən işğalçı kimi tanınması deməkdir".

Milli Məclisin deputatı həmçinin qeyd edib ki, Qoşulamama Hərəkatına üzvlük, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. "Azərbaycan bu gün beynəlxalq dialoq mühitinin qorunması, humanitar əməkdaşlıq təşəbbüslərinin  genişləndirilməsi istiqamətində çoxşaxəli fəaliyytət göstərir. Bakıda dini liderlərin görüşünün təşkili, mədəniyyətlərarası dialoq, humanitar forumların keçirlməsi Azərbaycanın bu sahədə də fəal təşəbbüskarlıq nümayiş etdirdiyini təsdiqləyir. Zirvə görüşünün yekununda qəbul olunan sənədlərdə də Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderlik yüksək qiymətləndirildi".

Azərbaycanın qarşıdakı 3 il ərzində təşkilata sədrlik edəcəyini xatırladan Sahibə Qafarovanın fikrincə, ölkəmiz Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək.