YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan – Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır

Azərbaycan – Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadələri Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığına, əbədiliyinə südutdur.

96 il əvvəl Türkiyə Respublikası M.K.Atatürkün rəhbərliyi altında türk xalqının öz Vətəninin bütövlüyü, istiqlaliyyəti uğrunda satqın sultan rejimi və yadelli işğalçılara qarşı dördillik qurtuluş mübarizəsini zəfərlə başa vurdu. Qardaş Türkiyə ilə birlikdə hər il böyük bayramı-Cümhuriyyət gününü Azərbaycan Respublikasında da təntənə ilə qeyd edilir. Türkiyə Respublikasının ulu öndəri M.K.Atatürk bu tarixi hadisəni milləti xilas etmək naminə, haqq-ədalət naminə edilmiş böyük, mühüm inqilab kimi qiymətləndirib. Dahi şəxsiyyət yeni respublika quruluşuna milli qurtuluş hərəkatının qələbəsinin həm törətməsi, həm də qarantı hesab edirdi. Respublika quruluşu gələcək mütərəqqi dəyişikliklər, türk cəmiyyətinin demokratikləşdirilməsi, mədəni və sosial inkişafının sürətləndirilməsi üçün olduqca əlverişli şərait yaratdı. Hər şeydən əvvəl, əsrlər boyu məhsuldar qüvvələrin inkişafını, bütövlükdə iqtisadi həyatı çoxsaylı əsarət zəncirləri ilə buxovlanmış iki ən təsirli maneə — mütləqiyyət və istismarçı kapitulyasiya rejimi aradan götürüldü.

Türkiyə Cümhuriyyəti Qurtuluş savaşından sonra çox mürəkkəb və ziddiyyətli bir keçən dövr ərzində hərtərəfli inkişaf edərək, çox böyük və şərəfli yüksəliş yolu keçərək, ən inkişaf etmiş dövlətlərlə bir sırada layiqli yerini tutmağı bacardı. XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilən Türkiyə Respublikası “Böyük-İyirmilik” ölkələri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi dünyanın siyasi xəritəsində mühim mövqeyi ilə seçildi.

İftixarla qeyd edək ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri günü-gündən möhkəmlənir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. İlk gündən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb.
Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaranmış dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfəsini verir. Bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə davam etdirilir.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Bakının Azadlıq Meydanında keçirilmiş hərbi parad, Türkiyədə Azərbaycan tərəfindən 6,3 milyard ABŞ dolları yatırım edilmiş “STAR” neft emalı zavodunun fəaliyyətə başlaması hər iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir.

Əminliklə deyə bilərik ki, Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri əbədi olacaq, hər iki dövlətin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq.

Qüdrətli qardaş Türkiyə xalqını böyük bayram - Cümhuriyyət Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, bütün türk dünyasına sülh, əmin-amanlıq və rifah arzulayıram.