YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb

“Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə bir sıra aspektdən yadda qaldı. Bu ilin 9 ayında əldə olunan uğurların qeyd edilməsi ilə yanaşı, dövlətimizin başçısı tərəfindən qarşıda duran çağırışlar və bu çağırışların həlli istiqamətində konkret prioritetlər müəyyənləşdirildi”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, doqquz ayın yekunları göstərir ki, Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb. Qeyri-neft sektorunda artım tempi daha yüksək olub, qeyri-neft üzrə ümumi daxili məhsulda 3 faiz, qeyri-neft sənayesində 15 faiz artım müşahidə olunub. Bu da məhz iqtisadi inkişafın və iqtisadiyyatda əldə edilən artımın mərhələli şəkildə neft sektorunun qeyri-neft sektoruna transfer olması mənasına gəlir. Bu, ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Nəzərə alsaq ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir. Bu, 2015-ci ildən sonra dərinləşmiş islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsi ilə bağlı islahatların real nəticələrinin olması mənasına gəlir. Digər sektorlarda, aqrar, turizm, xidmət sektorlarında artım tempinin proqnozlaşdırıldığından daha çox olması, makroiqtisadi sabitliyin qorunub saxlanması, geridə qalan ayların əsas iqtisadi nəticələri kimi xarakterizə olunmalıdır. Xüsusən qlobal ticari və iqtisadi savaşlar fonunda, qlobal şokların artdığı dövrdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda artımın qorunub saxlanması kifayət qədər pozitiv məqamdır. Bu, ondan xəbər verir ki, islahatlar birmənalı şəkildə qeyri-neft sektorunun inkişafına xidmət edir.

Ötən müddətdə Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyini daha da yaxşılaşdırdığını deyən V.Bayramov qeyd edib ki, Dünya Bankı Azərbaycanı 20 ən çox islahat aparan ölkə siyahısına daxil edib. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan öz mövqeyini 11 pillə möhkəmləndirə bilib, "Fitch" və "Moody`s" agentliklərinin hesabatlarında Azərbaycan stabil mövqeyini qoruyub saxlayıb, eləcə də ölkəmizdə bir sıra göstəricilər üzrə bir sıra irəliləyişlər əldə edilib. Qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə müsbət təsir göstərir.

“Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi. Söhbət təbii ki, kadr islahatlarının davam etdirilməsi, daha çevik kadr siyasətinin reallaşması və bu kontekstdən büdcə gəlirlərində şəffaflığın gücləndirilməsindən gedir. Ölkə başçısı büdcə xərclərinin şişirdilməsi hallarının qarşısının alınması, büdcə şəffaflığı ilə bağlı konkret mexanizmlərin hazırlanması və tətbiqi ilə bağlı göstərişlər verdi. Bu, növbəti ildə həyata keçiriləcək islahatların strukturu, eyni zamanda, prioritetliyi baxımından çox vacibdir. Müşavirədə qeyd olunduğu ki, gələn il həm büdcə gəlirlərində artımın olacağı proqnozlaşdırılır. 2020-ci ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 40 faizindən çoxu sosial sferaya yönəldiləcək. Birbaşa əməkhaqqı xərclərinin payı 6,7 milyard manat, pensiya və təqaüdlərin həcmi 3,2 milyard manat olacaq. Bu o deməkdir ki, birbaşa əməkhaqqı, pensiya və təqaüdlərə 10 milyard manatadək yönəldiləcək ki, bu da büdcənin sosiallığından xəbər verir. Büdcə qeyri-neft sektorunda fərqli layihələrin maliyyələşdirilməsini həyata keçirəcək. 2020-ci il Azərbaycan üçün yeni iqtisadi strategiyanın hazırlanması baxımından önəmlidir. Strateji Yol Xəritəsinin birinci mərhələsi 2020-ci ildə başa çatır. Yeni iqtisadi islahatlar mərhələsi başlayır. Bu ilin 9 ayında əldə edilən göstəricilər ilin müsbət tonda başa çatacağını deməyə əsas verir. 2020-ci ildə daha dərinləşmiş iqtisadi və sosial islahatları müşahidə edəcəyik”, - deyə ekspert vurğulayıb.