YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: “Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub

““Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub. Bilirsiniz ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, 30 ilə yaxındır ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Yəni Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq işğalçı siyasətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır.

“Hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” hərəkatı da xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır. Bu hərəkat artıq milli ideya səviyyəsində qəbul olunur. Bu fakt göstərir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Bu ölkənin rəhbərliyi dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək!”-deyə, deputat qeyd edib.