YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının gəncləri ilə görüş keçirilib

Oktyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası  Sədrinin müavini - İcra katibi Əli Əhmədov Yevlax rayonunda YAP Yevlax rayon təşkilatının gənc fəalları ilə görüşüb.

Görüşdə  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.

Yevlax rayon Mərkəzi Elektron Kitabxanada keçirilən görüşdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir.

Baş nazirin müavini deyib ki, son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir: “İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.

Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözlədiyini diqqətə çatdırıb.

YAP Sədrinin müavini söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.

Görüşdə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk dövründə AXC-Müsavat cütlüyünün hakimiyyəti səriştəsiz idarə etməsi, vəziyyətdən öz mənafeləri üçün istifadə etməsi Azərbaycanı parçalanmaq və dünya xəritəsindən yox olmaq halına gətirmişdi: “AXC-Müsavat cütlüyü Azərbaycan gəncliyini belə öz şəxsi ambisiyaları üçün qurban verirdi. Belə bir ağır vəziyyətdə xalq ulu öndər Heydər Əliyevi təkidlə Azərbaycanı xilas etməyə çağırdı. Ulu öndər xalqın təkidli tələbindən sonra Bakıya döndü və qarşısıalınmaz bir məcraya gəlmiş qardaş qırğınının qarşısını aldı, Azərbaycanı parçalanmaqdan, yer üzündən silinməkdən, ayrı-ayrı qrupların hədəfinə çevrilməkdən xilas etdi. Ümummilli lider xalqımızın rifahı, ölkəmizin hərtərəfli inkişafı üçün konseptual plan hazırladı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilib, Azərbaycan həqiqətləri artıq bütün dünyada qəbul olunur”.

Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər.