YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir

Moskvada keçirilən “Rusiya Enerji Həftəsi”ndə enerji sektoruna dair aktual məsələlər müzakirə olunur.

Bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib. O qeyd edib ki, Azərbaycan neft-qaz sahəsində aparılan beynəlxalq məsləhətləşmələrin, o cümlədən “OPEC plus” formatında görüşlərin fəal iştirakçısı kimi enerji həftəsi çərçivəsində neft-qaz sektorunda aktual problemlərə həsr olunmuş müzakirələrə qatılıb: “Azərbaycan son illər böyük layihələr ilə Avropanın enerji təminatına və təhlükəsizliyinə öz töhfəsini verir. Biz tədbirdə neft-qaz ixracı ətrafında aparılan müzakirələrdə iştirak edirik. Bundan əlavə, enerji transformasiyası, bərpaolunan enerji mənbələrinin tətbiqi və potensialı diqqət mərkəzindədir. Azərbaycanda da bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev ölkənin energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalayıb. Bu sahədə qanun layihəsi hazırlanıb və onun ilin sonunadək qəbul olunacağı gözlənilir”.

P.Şahbazov vurğulayıb ki, bir çox şirkətlə bu sahədə əməkdaşlıq memorandumları imzalanıb və onların tədbirdə təmsil olunan nümayəndələri ilə məsləhətləşmələr davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın Energetika naziri forum çərçivəsində bir sıra ölkələrin energetika nazirləri, nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin rəhbərləri, o cümlədən OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Rusiya Enerji Həftəsi” 2016-cı ildən keçirilir. Builki forumda 80 ölkədən 200-dən artıq şirkətin 10 mindən çox nümayəndəsi iştirak edir. Forumda yanacaq-energetika sahəsində əməkdaşlıq perspektivləri, investisiyalar, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır.