YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans başa çatıb

ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans noyabrın 18-də bəyanatın qəbulu ilə başa çatıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bu konfransın dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin həlli yolunda əməkdaşlıq sahəsində yeni mərhələyə vəsilə olması və terrorizm, radikalizm kimi qlobal problemlərin qarşısının alınması ilə bağlı səmərəli müzakirələrin aparılması baxımından tarixi hadisə olduğunu qeyd edib.
Azərbaycanın multikulturalizm dəyərlərinin inkişafı üçün əməlli addımlar atdığını söyləyən şeyxülislam bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi ilə keçirilən ənənəvi Beynəlxalq Mədəniyyətlərarası Dialoq forumları, Humanitar forumlar bu ideyalara sadiqliyimizin bariz sübutudur.
Tolerantlığın qorunub saxlanması, gənclərin də bu istiqamətdə tərbiyə edilməsinin vacibliyinə toxunan Allahşükür Paşazadə gələcək nəslin daha sağlam yolda olması üçün səylərin artırılmasının, ekstremizm və ksenofobiyanın qarşısının birgə alınmasının vacibliyini vurğulayıb. QMİ-nin sədri deyib ki, bu tədbiri uğurlu addım hesab etmək olar. Biz dini mərkəzlərin beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Avropa Şurası ilə əməkdaşlığının vacibliyini əvvəllər də bildirmişik, bu gün də bunu təkrar edirik.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski hazırda ATƏT məkanında müxtəlif problemlərin müşahidə olunduğunu bildirib. Qeyd edilib ki, dinlərin verdiyi mesajları, tolerantlıq ideallarını yaymaq lazımdır. Dini dözümsüzlük, radikalizm beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdir. Dini tolerantlıqla bağlı tədbirləri çox keçirməliyik. Azərbaycanda bu sahədə vəziyyət təqdirəlayiqdir. Biz yollar tapmalıyıq ki, gəncləri dinlə bağlı müzakirələrə cəlb edək. Dini icmalar dini tolerantlığın möhkəmlənməsində vacib rol oynaya bilər. Beynəlxalq səviyyədə isə dövlətlər ən yaxşı təcrübələrini bölüşə bilər. ATƏT sülhün bərqərar olması üçün əməkdaşlığa hazırdır.
A.Şaxtaxtinski tədbirdə səmərəli müzakirələrin aparıldığını, əsas məqsədin əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində dinin rolunun artırılması olduğunu diqqətə çatdırıb.