YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhalinin siyahıyaalınması üçün ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb

Oktyabrın 1-10-da əhalinin müstəqillik dövründə sayca üçüncü dəfə keçiriləcək siyahıyaalınması üçün ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb ediləcək işçilərə olan tələbat müəyyənləşdirilib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən cari il oktyabrın 1-10-da əhalinin müstəqillik dövründə sayca üçüncü siyahıyaalınması keçiriləcək. Artıq 3 ili əhatə edən siyahıyaalmaya hazırlıq dövrü başa çatıb. Ölkənin hər bir inzibati ərazi vahidi üzrə təşkilati plan tərtib olunub, yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiqlənib. Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib.

Azərbaycanda müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiqıənib. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.

Əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.

Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil olunması, proqram təminatı vasitəsilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.