YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Bu gün Azərbaycan dünyada güclü-qüdrətli və nüfuzlu dövlət kimi tanınır

“Bu gün Azərbaycan dünyada güclü-qüdrətli və nüfuzlu dövlət kimi tanınır”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizin sürətli inkişafını, davamlı nailiyyətlər əldə etməsini şərtləndirən strateji amil uğurlu daxili və xarici siyasətin həyata keçirilməsidir: “Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastrukturun yüksək səviyyədə və modern tələblərə müvafiq qurulması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və digər mühüm nailiyyətlər Azərbaycanın milli gücünün artmasını təmin edib. Xüsusilə də, neft gəlirlərindən səmərəli istifadə olunması iqtisadi inkişafı sürətləndirib, Azərbaycanın bütün sahələrdə uğurlar qazanmasını şərtləndirib. Bilirsiniz ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin tarixi xidməti sayəsində Bakıda Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması ilə start verilən yeni enerji siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində həm sosial-iqtisadi yüksəliş təmin olunub, həm də strateji əhəmiyyətli layihələr reallaşdırılıb. Ölkədə yüksək infrastruktur təminatının yaradılması, geniş abadlıq-quruculuq işlərinin aparılması, regionların dinamik inkişafının təmin olunması da xüsusi vurğulanmalıdır. Sosial infrastruktur da tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub”.
“Eyni zamanda, ölkəmiz Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan çox mühüm strateji dividendlər əldə edir. Bununla yanaşı, nəqliyyat xidmətlərini inkişaf etdirməsi, müasir infrastruktur yaradaraq daşımaların idarə olunması mexanizmini təkmilləşdirməsi, beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirməsi regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini şərtləndirib”, - deyən Hadi Rəcəbli əlavə edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edib.