YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Başlıca məqsəd uşaqların layiqli vətəndaş kimi yetişdirilməsi və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasıdır

“Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlmişdir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına göndərdiyi təbrikində söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir: “Artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. İndi başlıca məqsəd uşaqların zəngin mədəni sərvətlərimizə hörmətlə yanaşan layiqli vətəndaş kimi yetişdirilməsi və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasıdır.”
Prezident İlham Əliyev daha sonra bildirib ki, ölkəmizdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanına çevrilmiş qaçqın və məcburi köçkün uşaqları daim diqqət mərkəzindədir: “Dövlətimiz bütün imkanlarını səfərbər edərək onların problemlərinin həllinə nail olmaq üçün respublikamızın ərazi bütövlüyünün bərpası istiqamətində tarazlaşdırılmış siyasət həyata keçirir. Azərbaycanın davamlı inkişafı uşaqlarımızın xoşbəxt və firavan həyatının təmin olunması baxımından cəmiyyətimiz qarşısında mühüm vəzifələr irəli sürür. Məhz övladlarımızın sabahı naminə bu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə hər bir vətəndaşımız qüvvə və bacarığını səfərbər etməlidir.”