YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Əliyev: Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır

Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir. Bu fikirləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında keçirilən kütləvi təmizlik aksiyasında jurnalistlərə açıqlamasında bildirib.

Firdovsi Əliyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir: “Prezident İlham Əliyev keçirilən bütün müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir. Hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Bu gün bu aksiyada iştirak edən insanları Xəzərin çirklənməsinin qarşısını almaq birləşdirir.”

Nazir müavini dəniz ətrafındakı iaşə obyektlərinin sahiblərinə də müraciət edib: “Təmizləyici qurğuların qurulması vacibdir. İş adamlarının bir qismi iaşə obyektlərində belə qurğular quraşdırıb, quraşdırmayanlara da müraciət edirik ki, belə qurğular quraşdırsınlar. Nazirlik olaraq təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik. Çimərliyə gələnlər də yemək qalıqlarını dənizə atmasınlar”.