YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin iştirakçıları Abşeron Milli Parkında olublar

İyulun 30-da Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  birgə təşkilatçılığı ilə "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbi öz işini davam etdirib.

Yay məktəbinin ikinci günündə Abşeron Milli Parkına ekskursiya təşkil  olunub. Bildirilib ki, Azərbaycanın ən kiçik milli parkı olan Abşeron Milli Parkı Prezident İlham Əliyevin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli Parkın yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora vəfauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir. Abşeron Milli Parkı paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. O cümlədən milli park Azərbaycanın su ilə birləşən ən ucqar quruərazisidir, flora və faunası ilə tamamilə vəhşi təbiət nümunəsidir. Abşeron Milli Parkında 25-ə qədər bitki, 50-dən artıq quş və heyvan növlərinə rast gəlinir.

Burada suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər gekkonu, koramal, uzunayaq Şneyder, əlvan kərtənkələcik, cəld kərtənkələcik, xaltalı eyrenis, suilanı, gürzə və s., quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s. məməli heyvanlardan ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Xəzər suitisi, fısıldayan qu quşu, adi sultan toyuğu, adi flaminqo, ceyran, qıvrımlələk qutan, kürən vağ və başqaları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib. Dünyada nadir hesab olunan Xəzər suitisi əsasən may-avqust aylarında milli parkın ərazisindəki Suiti burnunda müşahidə olunur. O, pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib. 

Burada 4 turist marşrutu var. Məsafəsinə görə ən uzunu Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” olan Şah Dili burnudur. Azyaşlılar üçün isə dənizsahili, gölətrafı marşrutlar mövcuddur. Milli Parkın ərazisində turistlər üçün piknik yerləri, dincəlmə nöqtələri də təşkil edilib. 

Daha sonra ETSN-in Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə “Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri”, ETSN-in Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri “Azərbaycan Respublikasının ekoloji siyasəti” Rasim Səttarzadə və ETSN-in Ətraf Mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mirsalam Qənbərov “Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər”mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirdə ətraf mühitin mühafizəsinin əhəmiyyətindən və Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən danışılıb. Bildirilib ki, ətraf mühitin mühafizəsi istiqamətində atılan hər bir addımın planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və gələcək nəslin ekoloji böhrandan xilas olunmasına xidmət edir, bu sahədə ardıcıl tədbirlərin görülməsi hər bir kəsin vətəndaşlıq borcudur.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.