YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Ölkəmiz “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına uğurla ev sahibliyi edir

“Artıq bir neçə gündür ki, Avropanın və dünyanın nəzərləri yenidən Azərbaycanın paytaxtı Bakıya yönəlib. Bu da onunla bağlıdır ki, paytaxtımız növbəti dəfə mötəbər beynəlxalq tədbirə - “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, respublikamızda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının keçirilməsi ənənəyə çevrilib. Onun sözlərinə görə,  2015-ci ilin yayında Azərbaycan tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi edib. 2016-cı ildən başlayaraq respublikamızda hər il “Formula-1” qran-prisi keçirilir. 2017-ci ilin birinci yarısında isə ölkəmizdə böyük uğurla IV İslam Həmrəyliyi Oyunları keçirilib. Son illərdə respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi missiyasını uğurla yerinə yetirib. 2019-cu ilin əvvəlindən ölkəmizdə “Formula-1” qran-prisinin növbəti yarışları, həmçinin futbol üzrə Avropa Liqasının final qarşılaşması baş tutub. 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir görüşünü Azərbaycan təşkil edəcək. Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər genişdir.

“Qürurverici haldır ki, Azərbaycan ev sahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkilində, bir qayda olaraq, özünün yüksək standartlarını müəyyən edir. İndiyədək respublikamızda keçirilən yarışlar barədə mütəxəssislərin, beynəlxalq idman ictimaiyyətinin rəyi çox yüksəkdir. Azərbaycanda yarışlara qatılan ayrı-ayrı komandaların üzvləri, onların məşqçiləri, dünyada tanınan idman şərhçiləri ölkəmizdə keçirilən yarışların yüksək səviyyədə təşkil edilməsi, xalqımızın qonaqpərvərliyi, respublikada gördükləri tolerant mühit barədə özlərinin müsbət təəssüratlarını dəfələrlə dilə gətiriblər. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bildirib ki, ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Azərbaycan ənənəsinə sadiq qalaraq budəfəki festivalda da özünün yüksək standartlarını tətbiq edir. Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu bildirirlər. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyinə inandığını  vurğulayıb. Bir neçə gündür keçirilən yarışlar bu fikri təsdiqləyir. Əlbəttə, beynəlxalq səviyyəli mötəbər idman yarışlarının keçirilməsi üçün məkan kimi Azərbaycanın seçilməsi heç də təsadüfi deyil. Bu, bir sıra mühüm amillərlə şərtlənir. Burada, heç şübhəsiz ki, iqtisadi gücünü getdikcə artıran və qlobal əməkdaşlığa sanballı töhfələr verən ölkəmizin dünya miqyasında nüfuzunun artması, respublikadakı davamlı sabitlik kimi amillər mühüm rol oynayır. Beynəlxalq miqyasda Azərbaycana inamın artmasını şərtləndirən digər mühüm amil isə ölkəmizdə idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı ilə bağlıdır. Son illərdə respublikamızda idmanın kütləviliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Eyni zamanda, respublikamızda idmanın inkişafından və kütləviləşməsindən söhbət açarkən yeni yaradılan müasir infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Hazırda respublikamız idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələri sırasındadır”-deyə, S.Əliyeva vurğulayıb.