YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Volkan Bozkır və Sofio Katsaravanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edib.

Nazir Elmar Məmmədyarov üçtərəfli formatda Xarici İşlər nazirləri tərəfindən mütəmadi olaraq səmərəli görüşlərin keçirildiyini qeyd edərək, qanunverici qurumlar səviyyəsində üçtərəfli iclasların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və parlament diplomatiyasının əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və mövcud formatın genişləndirilməsi məqsədilə faydalı fikir mübadiləsinin aparıldığını bildirən qonaqlar hər üç ölkənin Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyinə əminliklərini ifadə ediblər. Qonaqlar regionda mövcud olan münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıblar.

Öz növbəsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirib.

Görüşdə tərəflər, həmçinin hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.