YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan tutduğu doğru yol ilə inamla irəliləyərək yeni-yeni uğurlara imza atır

“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Ölkəmizdə istər siyasi, istər sosial-iqtisadi, istərsə də, humanitar, mədəni və idman sahələri üzrə mötəbər, dünya miqyaslı tədbirlər keçirilir. Bu fakt Azərbaycanın dünyada qazandığı müsbət imicin parlaq təzahürüdür”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, mayın 29-da Bakıda UEFA Avropa liqasının final oyunun keçirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur: “Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır. Bir çox hallarda isə Azərbaycan digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur”.

Millət vəkili qeyd edib ki, beynəlxalq tədbirlərin keçirilməsi eyni zamanda Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir: “Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların cəlb olunmasına, əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla yanaşı bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir”.

Azərbaycanda son illər populyar idman yarışlarının keçirildiyini deyən S.Hüseynova söyləyib ki, ölkəmiz dünyada nüfuzlu idman ölkəsi kimi də tanınır. Onun fikrincə, idman siyasətinin düzgün qurulması, idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 yarışlarının ölkəmizdə keçirilməsi də Azərbaycana olan inam və etimadın ifadəsidir.

Millət vəkili qeyd edib ki, UEFA Avropa liqasının final oyununu izləmək üçün Bakıya minlərlə xarici vətəndaş gəlmişdi və onlar paytaxtımızın gözəlliyini, insanlarımızın xoş münasibətini, qonaqpərvərliyini xüsusilə vurğulayırdılar: “Eyni zamanda, ölkəmizdə sabitlik hökm sürür, təhlükəsizlik, ictimai asayiş tam təmin olunub. Amma təəssüflər olsun ki, xaricdə müəyyən dairələr hər vəchlə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bu dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirirlər.  Onlara ölkəmizdəki sapı özümüzdən olan baltalar da qoşulub və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı iftira, böhtan atırlar. Hesab edirəm ki, həmişə olduğu kimi yenə də bu dairələrin cəhdləri iflasa uğrayacaq. Çünki Azərbaycan tutduğu doğru yol ilə inamla irəliləyərək yeni-yeni uğurlara imza atır”.

DİGƏR Xəbərlər Arxiv