YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir

“Avropa İttifaqı  ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Məlumdur ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşı məhz Avropa İttifaqıdır. Aİ Azərbaycandakı sabitliyi, təhlükəsizlik və investisiya mühitini kifayət qədər yüksək qiymətləndirir. Bunu Avropa İttifaqının bu günə qədər Azərbaycan iqtisadiyyatına iyirmi milyard dollardan çox sərmayə qoyması sübut edir”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, regionda həm geoiqtisadi, həm də geosiyasi cəhətdən strateji əhəmiyyət kəsb edən mühüm layihələrin həyata keçirilməsi məhz Azərbaycanın təşəbbüskarlığı və yaxından iştirakı ilə baş tutub. Onun sözlərinə görə, bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə Belçikaya etdiyi səfər böyük əhəmiyyət kəsb edir.

“Azərbaycanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi prosesində Avropa İttifaqı ilə ölkəmiz arasında daha yaxın əməkdaşlıq qurulub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmiz Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq bəyannamələrini qəbul etməklə Aİ-yə üzv dövlətlərin üçdəbiri ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Bu, təbii ki, ümumilikdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli intensiv inkişafı üçün mühüm zəmin yaradır. Azərbaycan Prezidenti Belçikaya səfəri zamanı ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətini, etibarlı tərəfdaş olduğunu bir daha vurğulayaraq  bildirib ki, Azərbaycanın birbaşa təşəbbüsü və yaxından iştirakı ilə enerji layihələrində bütün iştirakçıların maraqları dəqiqliklə qorunur. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir. Bu da bir daha sübut edir ki, Prezident İlham Əliyev dəqiqliklə Azərbaycanın milli maraqlarına, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edən siyasət həyata keçirir”-deyə, deputat qeyd edib.