YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir

Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Seinc Fətəliyeva bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir.

Onun sözlərinə görə, bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir:

“Avropa İttifaqı rəsmiləri Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş olduğunu və regiondakı rolunun yüksək qiymətləndirildiyini bəyan edib. Eyni zamanda, Azərbaycan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Səfər zamanı Prezident İlham Əliyev də Azərbaycanın "Şərq Tərəfdaşlığı" Proqramında iştirak edən fəal ölkələrdən biri olduğunu vurğulayıb. Dövlətimizin başçısı keçirilən bütün görüşlərdə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir".

Deputat təəssüflə bildirib ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Bunu ölkəmizdən kənarda yaşayan bəzi qrupların davranışlarında hiss etmək olur:

“Siyasi məhbus” məsələsinin gündəmə gətirilməsi, beynəlxalq tədbirlər öncəsi “qara piar” kampaniyasına rəvac verilməsi ölkəmizin nüfuzuna kölgə salmağa hesablanmış, sifarişlər hesabına atılan addımlardır. Həmin dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmini işə salmağa çalışırlar. Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu cür addımların sonu fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə salmaq mümkün deyil".