YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Ölkəmiz inamlı inkişaf dinamikasını 2019-cu ilin birinci rübündə də qoruyub saxlayıb

“Yeni şəraitdə Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə milli iqtisadiyyatın inkişafını, rəqabətqabiliyyətliliyinin artmasını bundan sonra da təmin etməkdən və bu əsasda yaranacaq yeni imkanlar hesabına ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilən tədbirlərin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Bütün bunlar kifayət qədər ciddi və əhatəli məqsədlərdir”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, ölkəmiz özünün hədəflərinə çatmaqdan ötrü daxili potensialını, qlobal çağırışları və müsbət beynəlxalq təcrübəni nəzərə alaraq yeni inkişaf modeli müəyyənləşdirib. Onun sözlərinə görə, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin uğurlu inkişafı bir daha vurğulanıb.

“Son 15 ildə bütün dünyada öz iqtisadi potensialını Azərbaycan qədər artıran ölkələrin sayı çox azdır. Bu dövrdə Prezident İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi sayəsində milli iqtisadiyyatımızın davamlı inkişafı üçün bütün şərtlər təmin edilib. Belə məqsədyönlü və prinsipial yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bu gün Azərbaycan iqtisadiyyatı heç bir kənar gücdən və yaxud kənar maliyyə mənbəyindən, kredit təşkilatlarından asılı deyil. Əksinə, özünün güclü iqtisadiyyatına əsaslanan respublikamız ölkə hüdudlarından kənarda genişmiqyaslı investisiya qoyuluşu həyata keçirir. Hazırda respublikamız Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkədir. Təsadüfi deyil ki, Azərbaycan regionda reallaşdırılan bütün irimiqyaslı layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edir. Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizin inkişafı davamlı səciyyə daşıyır. Ölkəmiz inamlı inkişaf dinamikasını 2019-cu ilin birinci rübündə də qoruyub saxlayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində respublikamızın cari ilin birinci rübündə də uğurlu sosial-iqtisadi inkişaf göstəricilərinə nail olmasını xüsusi diqqətə çatdırıb. Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu bildirib. Qeyd olunduğu kimi, bu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Bütün bunlar ölkəmizin dinamik inkişafının əyani göstəriciləridir”-deyə, deputat vurğulayıb.