YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: "Bir kəmər – bir yol" təşəbbüsünün reallaşdırılması Azərbaycanın strateji hədəfləri ilə üst-üstə düşür

"Özünün milli maraqlar üzərində qurulan xarici siyasətində daim xoş məram nümayiş etdirən Azərbaycan bir qayda olaraq regional və qlobal əhəmiyyət daşıyan layihələrə dəstək verir və onların həyata keçirilməsində yaxından iştirak edir. İndiyədək regionda respublikamızın təşəbbüsləri və moderatorluğu ilə bir sıra önəmli infrastruktur layihələrinin reallaşdırılması buna misaldır". Bunu Milli Məclisin deputatı Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Azərbaycandan başlayan şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri çox haqlı olaraq ölkəmizin regional və qlobal əməkdaşlığın dərinləşməsinə əvəzolunmaz töhfələri kimi dəyərləndirilir. Hazırda isə Azərbaycan Çin tərəfindən irəli sürülən "Bir kəmər-bir yol" layhəsinə öz dəstəyini nümayiş etdirir.

S.Qafarova xatırladıb ki, bu günlərdə Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.  Bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin  37 dövlət və hökumət başçısının qatıldığı forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində dövlət başçıları səviyyəsində "Daha parlaq birgə gələcəyin qurulması" mövzusuna keçirilən görüşdə çıxış edərək respublikamızın "Bir kəmər bir yol" təşəbbüsünə lap əvvəldən dəstək verdiyini bir daha nəzərə çatdırıb. Fikirlərinə davam edən millət vəkili ölkəmizin də dəstək verdiyi yeni təşəbbüsün qlobal əhəmiyyətinə diqqət çəkib. S.Qafarova deyib: "Pekində keçirilən forumda da vurğulandığı kimi,  bəhs olunan təşəbbüs dünyanın inkişafında yeni mərhələdir. "Bir kəmər, bir yol" layihəsi ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə edir. İqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüs qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına,  qloballaşmanın iqtisadiyyata mənfi təsirlərinin  azalmasına, eyni zamanda beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi töhfələr verir. Layihə həmçinin sosial məsələlərin həlli, ölkələr arasında mədəni-humanitar əlaqələrin genişlənməsi baxımından da böyük əhəmiyyətə malikdir".

S.Qafarovanın sözlərinə görə, "Bir kəmər-bir yol" layihəsinin gerçələşməsi Azərbaycanın strateji  hədəfləri ilə üst-üstə düşür. Millət vəkili bildirib ki. Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə tranzit imkanlarını getdikcə genişləndirir. "Azərbaycanın dövlət başçısı İlham Əliyevin forum çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə vurğuladığı kimi, müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Respublikamızda müasir nəqliyyat infrastrukturu qurulmasına dövlət tərəfindən güclü siyasi və maddi dəstək göstərilməsi isə heç də təsadüfi deyil. Məlumdur ki, respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də, güclü infrastruktura və iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Çox doğru olaraq istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba gedən yolların ölkəmizdə kəsişməsi qlobal məkanda tranzit daşımaları üçün mühüm yenilik kimi dəyərləndirilir.  Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub. Ancaq bu ölkələrdən heç biri eyni zamanda hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə yeganə ölkədir ki, həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba doğru uzanan dəhlizlərin yaradılmasına və onların funksionallığının artırılmasına özünün sanballı töhfələrini verir", - deyə S.Qafarova əlavə edib.