YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb

“Həyatda elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Tarixən dövlətimizin, dövlətçiliyimizin inkişafının bütün mərhələlərində Azərbaycan qadınları kişilərlə bərabər fəal iştirak edib və öz layiqli töhfələrini verib. Bu  görkəmli simalardan biri də ictimai xadim, akademik Zərifə xanım Əliyevadır”. Bu fikirləri  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova  bildirib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və  banilərindən biridir: “Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb. İllərlə fəaliyyət göstərdiyi  sahə  üzrə  minlərlə xəstənin  sağalaraq göz xəstəliklərindən xilas olması  üçün çalışıb. Zərifə xanım Əliyeva cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfələr verib. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında gənc  alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır”.

Deputat qeyd edib ki, Zərifə xanım Əliyeva eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub: “Zərifə xanım Əliyeva dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymayıb, hər zaman onun dayağına çevrilib. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirib. Yüksək keyfiyyətlərin mövcud olduğu  belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi  uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir”.

D.Cəbrayılova deyib ki, bu gün onun çırağını yandıran Mehriban xanım Əliyeva da bizim üçün bir örnəkdir: “Bu gün ölkəmizin əldə etdiyi uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun  göstərdiyi diqqət və qayğının nəticəsində ölkəmizdə və ölkə hüdudlarından kənarda böyük əhəmiyyətli  layihələr həyata keçirilir  ki,  xalqımız tərəfindən bu addımlar təqdirəlayiq qiymətləndirilir. Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və  digər sahələrin inkişafı üçün əlindən gələni edir.  Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir”.