YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: "Bir kəmər, bir yol" Çin və Azərbaycanın yaxınlaşması üçün çox böyük imkanlar təqdim edəcək

"Bir kəmər, bir yol" (BRI) təşəbbüsü Çin və Azərbaycanın yaxınlaşması üçün çox böyük imkanlar təqdim edəcək.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Daily"yə müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş təşəbbüsü tamamilə dəstəkləyir: "Çünki qədim İpək Yolunun bərpası bütün ölkələrin inkişafı və çiçəklənməsinə xidmət edəcək".

O qeyd edib ki, Azərbaycan yeni əməkdaşlıq və dostluq körpüləri yaradır: "Biz bu ayın sonunda "Bir kəmər, bir yol" II Beynəlxalq əməkdaşlıq forumunu səbirsizliklə gözləyirik. Azərbaycan bu yüksək səviyyəli tədbirdə fəal şəkildə iştirak edəcək".

H.Hacıyev deyib ki, Azərbaycan dəniz limanları, aeroportlar, dəmir və quru yollarının daxil olduğu nəqliyyat şəbəkəsi yaradıb: "Son illərdə 15 min km quru yolları tikilib və ölkə Xəzərdə iri dəniz limanlarından birini inşa edir. Bütün bunlar qədim İpək Yolunun mühüm nöqtələridir".

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 2017-ci il oktyabrın 30-da fəaliyyətə başladığını xatırladan PA rəsmisi bildirib: "Bakı-Tbilisi-Qars xətti "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əsas ixracat məqsədilə və aralıq dəhlizi qismində çıxış edir. Azərbaycan, həmçinin İran və Rusiyanın dəmiryolları sistemini birləşdirən Şərq-Qərb və Şimal-Cənub marşrutlarının inkişafı üzərində işləyir".