YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan dövlətinin qarşısında duran ən əsas vəzifələrindən biri məcburi köçkünlərin sosial problemlərinin həll edilməsini təmin etməkdir

“Azərbaycanda hansı işlər həyata keçirilirsə, nə edilirsə, bütün bunların hamısı yalnız insanların rifahının yüksəldilməsinə, onların daha rahat yaşayışının təmin edilməsi ilə əlaqədardır. Çox vacib istiqamətlərdən biri məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması ilə əlaqədardır. Təəssüf ki, Azərbaycan illərdir ki, bu problemi yaşamaqdadır. Vətəndaşlarımız erməni təcavüzü nəticəsində yurd-yuvalarını tərk etməyə, məcburi köçkün həyatını yaşamağa məhkum olunublar”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədidə “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda keçirilən müşavirədə deyib.

Əli Əhmədov bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətində yaşamaqdadır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin, hökumətinin qarşısında duran ən əsas vəzifələrindən biri məcburi köçkünlərin sosial problemlərinin həll edilməsini təmin etməkdir: “2003-cü ildə cənab İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanda çadır şəhərciklərinin aradan qaldırılması vəzifəsini irəli sürdü. Demək olar ki, qısa müddətdə Azərbaycanda çadır şəhərcikləri ləğv edildi. Prezidentin həyata keçirdiyi layihələr nəticəsində ağır vəziyyətdə yaşayan məcburi köçkünlər müasir mənzillərə köçürüldü. Məcburi köçkünlərin həyatında ciddi dəyişikliklərin baş verməsi mərhələsi başladı. İndinin özündə də bu siyasət davam etməkdədir. Artıq məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik tikilib. Bu şəhərciklərdə onların rahat yaşaması üçün bütün imkanlar təmin edilib, məktəblər, bağçalar, lazımi infrastruktur yaradılıb. Onların işlə təmin olunması üçün də işlər görülür. Təbii, işlər bununla bitmir, bundan sonra da lazım olan işlər həyata keçiriləcək. Bildiyiniz kimi, bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Bakının Kürdəxana qəsəbəsində böyük şəhərcik istifadəyə verildi. Xeyli sayda məcburi köçkün yeni yaşayış massivinə köçəcək, müasir mənzillərlə təmin ediləcək. Bundan sonra da digər yerlərdə şəhərciklər salınacaq, mənzillər tikiləcək. Sonuncu məcburi köçkün evlə təmin olunanadək bu siyasət həyata keçiriləcək. Bizim hədəfimiz, qarşımızda duran əsas vəzifə məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarmaqdan ibarətdir. Amma bu vəzifə öz həllini tapanadək, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həllini tapanadək insanlarımızın layiqli yaşayışının təmin edilməsinə ehtiyac var. İnsan layiqli şəraitdə yaşamalıdır. Bu məqsədlə Azərbaycan hökuməti böyük vəsaitlərin xərclənməsinə getmək niyyətini açıq şəkildə ortaya qoyub”.

Baş nazirin müavini qeyd edib ki, məcburi köçkünlərimiz Prezidentin bu istiqamətdə həyata keçirdiyi işləri yüksək qiymətləndirirlər: “Bu bizi sevindirir. Azərbaycan cəmiyyəti üçün xas olan birlik, həmrəylik bütün formalarda, sahələrdə özünü göstərməkdədir. Bu, Azərbaycanda xalq-iqtidar birliyini birmənalı şəkildə təsdiq etmiş olur”.