YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Rəy sorğusu Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir

“Fransanın nüfuzlu “Opinion Way” şirkətinin sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, cənab İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun səsini qazana bilər”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və Onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Onun sözlərinə görə, əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib. Xüsusilə də, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.

“Son dövrdə isə Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Onun birbaşa təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektli və innovativ mexanizm kimi bütün dünyada təqdir və tətbiq olunur. Bundan başqa, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini təmin edib. Eləcə də, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Üç proqramın icrası nəticəsində bölgələrin infrastrukturları müasir standartlara uyğun yenidən qurulub, minlərlə istehsal müəssisəsi, iki milyondan artıq yeni iş yeri açılıb, ayrı-ayrı sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub. Bu il isə regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib və icrasına başlanıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 16 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. O, təkcə keçən il Azərbaycanın bölgələrinə 24 səfər edib, vətəndaşlarla birbaşa ünsiyyətdə olub. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Bundan başqa, dövlət başçısının yerlərdə əhali ilə görüşləri, problemlərlə şəxsən tanış olması, onların qısa zamanda aradan qaldırılması və digər məsələlər bu sorğunun göstəricilərini şərtləndirən amillərdir. Bir sözlə, bu gün Azərbaycan sürətlə inkişaf edən stabil, güclü ölkədir və vətəndaşlar da Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir. Bunu da Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu bir daha sübut edir”-deyə, B.Quliyev vurğulayıb.