YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti “Mediasiya haqqında” Qanunun tətbiqinə dair Fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun tətbiqinə dair Fərman imzalayıb.

Fərmanda Azərbaycan Respublikası qanunlarının və Prezidentin aktlarının “Mediasiya haqqında” Qanuna uyğunlaşdırılması, Mediasiya Şurasının yaradılmasına dövlət dəstəyinin göstərilməsi, mediasiya reyestrinin aparılması, mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim, mediatorların peşəkar etik davranış, mediasiya prosesinin həyata keçirilməsi qaydalarının, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğinin təsdiqlənib Azərbaycan Prezidentinə məlumat verilməsi barədə Nazirlər Kabinetinə tapşırıq verilib.

Beş fəsil və 39 maddədən ibarət “Mediasiya haqqında” Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Qanunun “Ümumi müddəalar” adlı 1-ci fəslində mediasiya ilə bağlı əsas anlayışlar, mediasiyanın məqsəd və prinsipləri, tətbiq dairəsi, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi, qərəzsizliyi və mediasiya prosesinə müdaxilənin yolverilməzliyi məsələləri əksini tapıb.

“Mediatorun fəaliyyəti” adlı 2-ci fəsildə mediatora dair tələblər, mediasiya təşkilatı, mediatorun hüquq və vəzifələri, ilkin hazırlığı və ixtisasının artırılması, intizam məsuliyyəti, mediasiya reyestri, mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya mediatorun Mediasiya Şurasının üzvlüyündən çıxarılması məsələləri yer alıb. Qeyd olunub ki, mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.

Qanunun “Mediasiya Şurasının fəaliyyəti” adlı 3-cü fəslində Mediasiya Şurasının funksiyalarının həyata keçirilməsi məqsədilə, mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olduğu əksini tapıb. Bu fəsildə, həmçinin Mediasiya Şurasının əmlakı, funksiyaları məsələləri də yer alıb.

“Mediasiya prosesi” adlı 4-cü fəsildə mediasiya prosesinin tətbiqi üçün əsaslar, mediasiya prosesinin həyata keçirilməsi qaydaları, mülki işlər, iqtisadi, ailə, əmək, inzibati hüquq münasibətləri və iqtisadi mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri, məhkəmə mediasiyası, mediasiya prosesinə xitam verilməsi və s. məsələlər əks olunub.

Qanunun “Yekun müddəalar” adlı sonuncu – beşinci fəslində bu Qanunun pozulmasına görə məsuliyyət, sənədin qüvvəyə minməsi məsələlər yer alıb.

Fərmanda, həmçinin Bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələrinin və həmin maddələrlə bağlı olan müddəaların 2020-ci il iyulun 1-dən qüvvəyə minməni qeyd olunub.