YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Birinci Dünya müharibəsinin gedişində bütün Azərbaycan torpaqlarındahəmçinin Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımları həyata keçirilib

“Zəngin arxiv materiallarına əsaslanan tədqiqatlar birmənalı şəkildə sübut edir ki, Birinci Dünya müharibəsinin gedişində bütün Azərbaycan torpaqlarında, o cümlədən Cənubi Azərbaycanda, həmçinin Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımları həyata keçirilib”. Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, böyük dövlətlərdən hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər. onun sözlərinə görə, Daşnaksütyun partiyası Bakı komitəsinin üzvü, bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. Soyqırımları 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali xüsusi qəddarlıqla qətlə yetirilib.

“AMEA-nın Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və Azərbaycan tarixçiləri bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər. 1914-1918-ci illərdə Azərbaycanda və Şərqi Anadoluda həyata keçirilmiş soyqırımı cinayətləri, alimlərlə yanaşı, böyük dövlətlərin siyasi dairələrinə də yaxşı məlumdur. Çünki S.Şaumyanın başçılığı ilə Bakıda və Bakı quberniyasında həyata keçirilən soyqırımları, Ararat-Ermənistan Respublikası silahlı qüvvələrinin törətdiyi kütləvi soyqırımı vəhşilikləri bilavasitə böyük dövlətlərin hərtərəfli köməyi ilə həyata keçirilib. Bu dəhşətli cinayətlər üçün erməni hakimiyyət orqanları və terrorçu erməni-faşist dəstələri ilə yanaşı, onlar da məsuliyyət daşıyırlar. Məhz buna görə də, nə beynəlxalq miqyasda ayrı-ayrı dövlətlər, nə də beynəlxalq təşkilatlar tərəfindən bu soyqırımı cinayətlərinə indiyədək hüquqi-siyasi qiymət verilməyib. Buna görə də, yüz minlərlə günahsız insanları, o cümlədən uşaqları, qadınları, qocaları dini-etnik mənsubiyyətinə görə məhv edən soyqırımı cinayətkarları cəzasız qalıb. Nəinki cəzasız qalıb, əksinə, böyük dövlətlərin müəyyən siyasi dairələrinin erməni ekstremizmini, cinayətkar-terrorçu erməni-faşist dəstələrini fəal müdafiə etməsi nəticəsində 1992-ci il fevralında bütün dünyanın gözləri qarşısında daha bir dəhşətli cinayət Xocalı soyqırımı törədilib.

Dünyada ikili standartlar siyasəti, irqi, dini, milli ayrı-seçkilik davam etdikcə, böyük dövlətlər özlərinin geosiyası və iqtisadi maraqlarını təmin etmək üçün Yer kürəsini etnik-siyasi münaqişələr meydanına çevirdikcə, bəşəriyyət soyqırımları təhlükəsindən xilas olmayacaq. Bu gün müsəlman Şərqində baş verən qanlı qırğınlar, Avropanın mərkəzində yenidən baş qaldıran irqi, dini-etnik ayrı-seçkilik, faşizmin yenidən dirçəlməyə başlaması, miqrantlara qarşı qeyri-insani münasibətlər bunu çox aydın sübut edir”-deyə, Y.Mahmudov vurğulayıb.