YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli kadrlarımız BP-də beynəlxalq vəzifələrə təyin ediliblər

Milli kadrlarımız BP şirkətində yüksək beynəlxalq vəzifələrə təyin olunublar.

“BP Azerbaijan”dan bildirilib ki, hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyev bu il iyunun 1-dən BP-nin Rumaila bölümündə baş menecer vəzifəsinə təyin edilir. Bu yeni vəzifədə O.Quliyev BP-nin İraqdakı apstrim biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniş tərkibli rəhbərlik qrupunun üzvü olacaq.

BP-də işlədiyi ötən 23 il ərzində O.Quliyev Azərbaycan, Gürcüstan və Türkiyə regionunda və Londonda Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində dənizdə, layihələrin mühəndislik təminatı və layihələrin idarə olunması sahələrində əməliyyatlara aid rəhbər vəzifələr tutmaqla əməliyyatlar və əsas layihələr ilə əlaqədar böyük təcrübə qazanıb. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat mühəndisi ixtisası ilə magistr dərəcəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini qaz axınlarının dinamikası üzrə doktorluq dərəcəsi ilə bitirib.

Bundan başqa, aprelin 1-dən Rəhman Rəhmanov apstrim, qlobal layihələr təşkilatında layihələrin idarə olunması üzrə vitse-prezident vəzifəsinə təyin edilir. Yeni vəzifəsində R.Rəhmanov layihələrin həyata keçirilməsinə dəstək olaraq layihələrin idarə olunması, layihə xidmətləri, keyfiyyət, risklər, tikinti və istismara təhvil vermə ilə əlaqədar ixtisaslaşma sahələri və funksional bölmələr üzrə gündəlikdə duran məsələlərin həll edilməsinə cavabdeh olacaq. O, qlobal layihələr təşkilatının texniki funksiyalar üzrə rəhbərlik qrupunun üzvü olacaq və layihələrin idarə olunması çərçivəsində ixtisaslaşma sahələri üzrə bacarıqların artırılması forumuna, eləcə də layihələrin idarə olunması şəbəkəsinə rəhbərlik edəcək.

R.Rəhmanovun bu vəzifə ilə əlaqədar 19 ildən çox təcrübəsi var. O, BP-də 2003-cü ildən işləyir və karyerası ərzində bir sıra layihələrdə rəhbər vəzifələr, o cümlədən “Dərinsulu Günəşli” layihəsində sazlama üzrə menecer, “Çıraq” neft layihəsində qazma işlərinin təhvili üzrə menecer və “Şahdəniz-2” layihəsində üst modulların təhvili üzrə layihə meneceri vəzifələrini tutub. O, Azərbaycan, Gürcüstan və Türkiyə regionunda midstrim layihələri üzrə baş menecer olub.

R.Rəhmanov Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən mühəndislik üzrə doktorluq dərəcəsinə layiq görülüb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Orxan və Rəhman bizim regiondakı biznesimizin uğuruna böyük töhfələr veriblər, bunun üçün ona çox təşəkkür edirik. Peşəkar azərbaycanlı kadrların belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Onlara BP-dəki davamlı karyeralarında yeni uğurlar diləyirik”.