YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətini təbrik edib

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşlarını və veteranlarını təbrik edib.

Dövlətimizin başçısının təbrik məktubunda 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi fəaliyyətə başlamış xüsusi xidmət orqanlarımızın mürəkkəb inkişaf yolu keçdikləri qeyd olunub. Vurğulanıb ki, Sovet İttifaqı dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin edib və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfə verib.

“1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ciddi təhlükələrlə – ilk növbədə, Ermənistanın təcavüzü ilə, habelə terrorçuluq, separatçılıq, dərin siyasi və sosial-iqtisadi böhranla üzləşib. Dövlətçiliyimizin təhlükə altında olduğu belə bir vəziyyətdə Azərbaycan xalqı müdrik qərar qəbul edərək, ölkəyə rəhbərliyi ümummilli lider Heydər Əliyevə etibar etdi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizi parçalanmaq və müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyi təmin etdi. Məhz Ümummilli Liderin səyləri nəticəsində zəngin dövlətçilik ənənələrimiz bərpa olundu, dünyəvi, demokratik və hüquqi dövlətin təməli qoyuldu, ölkəmiz dünya arenasında bərabərhüquqlu etibarlı tərəfdaş kimi tanındı.

Bu dövrdə Ulu Öndər Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin başlıca istiqamətlərini müəyyən etdi, dövləti xarici və daxili təhdidlərdən qorumağa qadir olan xüsusi xidmət orqanları sistemini formalaşdırdı”, - deyə təbrik məktubunda qeyd edilib.

Məktubda xüsusi xidmət orqanlarının müasir dövrün çağırışlarına uyğun inkişafını təmin etmək və fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 2015-ci ildə mühüm islahatların aparıldığı, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, hər iki qurum yüksək peşəkarlığı ilə seçilən kadrlarla komplektləşdirilib, müasir informasiya texnologiyaları ilə təchiz olunub, onların maddi-texniki bazası və əməkdaşlarının sosial müdafiəsi gücləndirilib.

Xüsusi xidmət orqanlarının Azərbaycanın milli maraqlarının təmin olunması, konstitusiya quruluşunun qorunması, dövlət qərarlarının informasiya təminatının həyata keçirilməsi, habelə terrorçuluğa, separatçılığa, dini ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə uğurla fəaliyyət göstərdiklərinin vurğulandığı məktubda deyilir: “Dünyada və regionda gedən proseslərin sülh və təhlükəsizlik üçün yaratdığı təhdidlər beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusi xidmət orqanlarımız bir çox xarici dövlətlərin tərəfdaş qurumları ilə strateji xarakter daşıyan əlaqələr qurub və bu səmərəli əməkdaşlıq nəticəsində regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə dəyərli töhfə verirlər. Biz bu tərəfdaşlığı yüksək qiymətləndiririk və onun daha da dərinləşməsində maraqlıyıq.

Əminəm ki, xüsusi xidmət orqanlarımız qarşıya qoyulmuş vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, bu orqanların hər bir əməkdaşı ölkəmizin milli təhlükəsizliyinin təmin olunması yolunda qətiyyət və əzm nümayiş etdirəcək”.