YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP boru kəməri layihəsi üzrə işlərin 85,7 faizi tamamlanıb

Bu il fevralın sonuna Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 85,7 faizi icra edilib.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP layihəsi qrafik üzrə davam edir. Hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

Qeyd edək ki, TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb. Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 98 faizi torpağa basdırılıb.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla 2 kompressor stansiyasının inşası qrafik üzrə davam edir. Kipoidəki stansiyada ümumi tikinti işlərinin 79 faizi yekunlaşıb. Fierdəki kompressor stansiyasının inşasının isə 77 faizi başa çatıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. Suyun dayanıqlılıq sınaqları isə qrafik üzrə irəliləyir.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsində tikinti işlərinin 10 faizi yekunlaşıb. Hazırda Albaniyada sualtı işlər üzrə bəndin və müvəqqəti giriş dokunun inşası aparılır. TAP-ın dəniz hissəsinin inşası qrafikinə əsasən cari ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə ediləcək. TAP-ın podratçısı İtaliyanın “Saipem” şirkəti dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək.

İtaliyada isə mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir. Hazırda boru kəmərinin qəbulu terminalında, mikrotunel sahəsində və dənizə çıxış hissəsində işlər görülür.

Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).