Xəbərlər
Natiq Əmirov: Problemli kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək
Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanına əsasən həmin kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək.
Bunu Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov deyib.
N.Əmirov qeyd edib ki, əgər təzminat kredit borcunun ödənilməsi üçün kifayət etməsə, borcun qalan hissəsi daha aşağı faiz dərəcəsi ilə (illik bir faiz) restrukturizasiya ediləcək.
“Problemli kreditlərlə bağlı məsələlər 2014-cü ilin sonu – 2015-ci ilin əvvəllərindən dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasından sonra başladı. Bu məsələlər hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub”.
O əlavə edib ki, bu günədək kreditlərlə bağlı ümumilikdə 616 milyon manat məbləğində 311 mindən çox məhkəmə işi mövcuddur.