YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ölkə Prezidentinin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir

«Əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək  bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Bu günümüzdən dünənimizə, həmçinin qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərə nəzər yetirdikdə  bu istiqamətdə atılan addımların sistemli xarakter daşıdığını, islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirildiyini daha aydın görürük.  Yoxsulluq kimi sosial bəlanın  aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar,   məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar  fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi və s. kimi tədbirlər vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham  Əliyevin yanında keçirilən  iqtisadi və sosial məsələlərlə bağlı  müşavirədə səsləndirilən «2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır» əminliyi də  ötən illərin uğurlarına, eyni zamanda,  cari ilin arxada qalan iki ayında  əldə olunan sosial-iqtisadi göstəricilərə əsaslanır.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,   Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da səsləndirilən rəqəmlər bu ilin aydın mənəzərəsini yaratmışdır: «Belə ki, dövlətimizin başçısı İlham Əliyevin  imzaladığı Fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə  sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunmuşdur. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları  10 faiz artırılmışdır. Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardım proqramının icrası davam etdirilərək, ötən ilin son ayında  orta aylıq məbləğ 189 manata çatdırılmışdır. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin həyata keçirdiyi sosial  siyasətin əsas tərkib hissəsidir. Bu diqqət və qayğı  cari  ilin ilk aylarında  atılan addımlarda da özünü aydın göstərir.  Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən özünüməşğulluq proqramına cəlb olunanların əksəriyyəti də məhz   ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələridir.»
 V.Rəhimzadə onu da əlavə edib ki, atılan hər bir  addım bu reallığı göstərir ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində  vətəndaş amili dayanır. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan öz   vətəndaşlarının  yüksək rifahının təminatçısıdır”. Son bir   ayda  vətəndaşlara  sevinc bəxş edən addımlar sırasında minimum əmək haqqının, pensiyaların artırılmasını, əhalinin sosial müdafiəsinin  gücləndirilməsi sahəsində əlavə tədbirlərə,  sosial müavinətlərin, təqaüd sisteminin təkmilləşdirilməsinə dair, həmçinin  məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında   sərəncamların imzalanmasını qeyd etməliyik. bütün bunlar bir  daha sübut edir ki, davamlı inkişafı, yüksək rifahı həyata keçirilən siyasətin əsas prinsipi kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasını daim  diqqət mərkəzində  saxlayır.
«Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək» söyləyən baş redaktor vurğulayıb ki,   «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında»,  «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» fərmanlar  bir daha ölkə Prezidentinin qərarlarının bütün dünya üçün sosial inqilab nümunəsi olmasına işıq salır: «Belə ki, son illərdə   dünyanı bürüyən maliyyə və iqtisadi  böhranla əlaqədar olaraq enerji resurslarının qiymətinin kəskin şəkildə  aşağı düşməsi Azərbaycan  iqtisadiyyatına da  təsirsiz ötüşmədi. Bunun nəticəsi olaraq   əhalinin müəyyən hissəsinin ödəmə qabiliyyəti zəiflədi, xarici valyutada kredit almış vətəndaşların  banklar  qarşısında  öhdəlikləri artdı, məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxaldı.  Dövlətimizin başçısının məlum  Fərmanı son dövrlərdə ölkədə  makroiqtisadi sabitliyin təmin olunmasına, iqtisadi inkişaf templərinin bərpa edilərək maliyyə imkanlarının genişlənməsinə, həmçinin  əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının  ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün şərait yaratmışdır.»

Vüqar Rəhimzadə  vurğulayıb ki,  ölkəmizdə  manatın  devalvasiyasından  sonra müzakirə olunan əsas  məsələlərdən biri məhz  əhalinin xarici valyutada kreditləri ilə bağlı oldu. İctimai müzakirələr keçirildi,  dövlətimizin başçısının tapşırığına uyğun olaraq hökumət bu istiqamətdə  fəal iş apararaq təkliflərini səsləndirdi. Məsələ ilə bağlı Milli Məclisdə də müzakirələr keçirildi.

«Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür» söyləyən V.Rəhimzadə bildirib ki, atılan bu addım vətəndaşların maddi  rifah halını daha da  yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşyıyır. «Dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə  bağlı müşavirədə  də  bu mühüm məqam xüsusi qeyd edilmişdir ki,   buna oxşar addımların atılması ilə bağlı  bəzi ölkələrdə  müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar  icra edilməmişdir.  Cənab İlham Əliyev vurğulamışdır ki, yəni, burada xoş  niyyətin olması əsas şərt deyil.  Əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaş üçün ən məqbul variantın seçilməsi əsasdır. Bununla yanaşı,  maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Ölkə Prezidenti   bu inamı ifadə etmişdir ki, yaxın gələcəkdə  bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həll ilə  bağlı da öz liderliyini göstərəcək və  çox ciddi nümunə göstərəcək.»

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev fevralın  28-də  imzaladığı Fərmanı ilə  qeyd etdiyi yaxın gələcəyi daha da yaxınlaşdırdı. Vətəndaşlara  bəxş olunan bu sevinc, eyni zamanda, bundan öncəki qərarlar  sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan digər sahələr kimi, sosial  sahədə də təkmil təcrübəsini,  liderliyini bir daha dünyaya nümayiş etdirdi.