YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Təhsil ictimaiyyəti cənab Prezidentin müstəqil dövlətimizin parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir

“Azərbaycan Respublikasında tələbə gənclərin təhsil almasının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün "Sabah" qruplarında təhsilin təşkilinin həyata keçirilən siyasətin konkret təzahürləridir. 2019-cu ilin dövlət büdcəsində dövlət sifarişli yerlərin artırılması üçün əlavə vəsait qoyulmasının nəzərdə tutulması da həmin istiqamətin daha da inkişaf etdirilməsini təmin edəcək”. Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin "Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 2019-cu il 14 fevral tarixli Sərəncamı müstəqil dövlətimizin Azərbaycanın sabahı olan tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir. Onun sözlərinə görə, cənab Prezidentin Sərəncamı, ilk növbədə, ali və orta ixtisas təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin bütün pillələri və səviyyələrini, habelə peşə təhsili üzrə təhsil alan tələbələri əhatə edir. Yəni peşə məktəblərində təhsil alan tələbələrdən bakalavr, magistratura və doktorantura pilləsinə qədər təhsildə akademik nailiyyətləri olan təhsilalanların dövlət qayğısı ilə əhatə olunması nəzərdə tutulur. Bütövlükdə dövlət qayğısı martın 1-dən etibarən mərhələli şəkildə təhsildə akademik nailiyyətləri olan tələbələrin mütləq əksəriyyətini əhatə edəcək. Belə ki, Prezident İlham Əliyevin "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən martın 1-dən təqaüd alanların sayının 16 min vahid artırılaraq hazırda hazırkı 31 faizdən cəmi 6 ay sonra, növbəti tədris ilinin başlanğıcında 45 faizə, 2020-2021-ci tədris ilində isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacağı müəyyən edilib.

“Azərbaycan ziyalıları, təhsil ictimaiyyəti, çoxminli tələbələr  ölkəmizin yeni gənc nəsli möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsədyönlü tarixi qərarlar kimi qəbul edirlər. Bütün bunlar həm də tələbələrin üzərinə böyük vəzifələr qoyur. İnanırıq ki, tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidlərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var qüvvə ilə çalışacaqlar”-deyə, komitə sədri vurğulayıb.