YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: 2003-cü ildən indiyədək əmək pensiyaları 12.1 dəfə artıb

"Sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir. Bu mənada Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir müstəqil Azərbaycan eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir". Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış edərkən deyib.

S.Babayev Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bu günkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib. O, 1970-80-ci illərdə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə onun bütün sahələrdə olduğu kimi, sosial sahədə də inkişafı təmin etdiyini, Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıdışından sonra müstəqiil dövlət quruculuğunu uğurla həyata keçiriməklə yanaşı, ölkəmizin sosial ədalət prinsipinə, həssas qruplara humanist yanaşmaya əsaslanan uğurlu sosial siyasətini də formalaşdırdığını vurğulayıb.

Nazir Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun, ölkəmizin etibarlı təməllər üzərində uzunmüddətli inkişafına yol açan strategiyasının bütün istiqamətlər üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlandığını vurğulayıb. Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirən nazir bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 249,5 manata çatdığını, 2018-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcminin 2003-cü ilə nisbətən 16,7 dəfə artdığını deyib. O, həmçinin 2007-ci ildən şəhid ailələrinə, 2008-ci ilin sentyabr ayından müharibə əlilləri və onlara bərabər tutulanlara Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdlərinin təyin olunduğunu və ötən dövrdə bu ödənişlərin də iki dəfədən çox artdığını, digər sosial təminat növləri üzrə ödənişlərdə də dəfələrlə artımların özünü göstərdiyini vurğulayıb.