YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilir

Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini anaraq abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Konfransda əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.

Filmdə 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ulu öndər Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətə çatdırılır. Həmçinin filmdə Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, bu qayğı nəticəsində ölkədə həyata keçirilən və ildən-ilə genişlənən mühüm sosial proqramlardan, aktiv sosial müdafiə və məşğulluq tədbirlərindən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizmin təcəssümü olan, sosial müdafiə və reabilitasiya sahələrini də əhatə edən təşəbbüs və layihələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həssas qruplara qayğıkeş münasibəti də filmdə əksini tapır.

Konfransı açan Baş nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük xidmətlərini qeyd edib. O, Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsas xəttini məhz sosial rifah amili təşkil etdiyini, Ümummilli Liderin Azərbaycanda sosial dövlət ideyasını uğurla gerçəkləşdirdiyini vurğulayıb. Baş nazirin müavini son 15 ildə Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə dinamik inkişafını, eyni zamanda, sosial sahədə mühüm irəliləyişləri, sosial müdafiə sisteminin daim güclənməsini uğurla təmin etdiyini bildirib.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biridir. Bu mənada ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir müstəqil Azərbaycan eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir.

Nazir Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bugünkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib. O, 1970-1980-ci illərdə müdrik siyasətçi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə onun bütün sahələrdə olduğu kimi, sosial sahədə də inkişafı təmin etdiyini, 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıdışından sonra müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməklə yanaşı, ölkəmizin sosial ədalət prinsipinə, həssas qruplara humanist yanaşmaya əsaslanan uğurlu sosial siyasətini də formalaşdırdığını vurğulayıb. Nazir Ulu Öndərin müdrik siyasi kursunun, Azərbaycanın etibarlı təməllər üzərində uzunmüddətli inkişafına yol açan strategiyasının bütün istiqamətlər üzrə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlandığını vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv