YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycan icmasının legitim hüquqları bərpa olunmadan münaqişənin ədalətli həlli mümkün deyil

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sarkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb. Orada yaşayan erməni əhalisi, yəni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin işğalı altındadır, onlar total nəzarət altında saxlanılır və bütün hüquqlardan məhrum ediliblər.

Bu sözləri mətbuata açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib.

O deyib: “Ermənistan əhalisi bu ilin aprelində meydana çıxan kütləvi etiraz aksiyaları vasitəsilə Sarkisyan rejimini hakimiyyətdən saldı. Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimin mövcudluğundan bezmişdir.

Dağlıq Qarabağın Azərbaycanlı icmasının mövcudluğunu belə inkar edən qondarma rejimin nümayəndəsi David Babayana xatırlatmaq istərdim ki, danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunublar. Dağlıq Qarabağın Azərbaycan icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin olunmadan münaqişənin ədalətli və davamlı həlli mümkün deyildir.

Serj Sarkisyan rejimi hər bir vəchlə iki icma arasında dialoqun yaradılmasına maneə olurdu və imkan vermirdi. Hesab edirik ki, bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgə yaşayış təşviq olunmalıdır”.