YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda ABŞ-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikasının və Gürcüstanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə noyabrın 19-da Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu analitik və təhsil mərkəzi olan Daniel Morqan adına Milli Təhlükəsizlik İnstitutunda “ABŞ-Gürcüstan-Azərbaycan: Üçtərəfli əməkdaşlığın qlobal və regional perspektivləri” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə institutunun prezidenti Kristofer Kroft açaraq qonaqları salamlayıb.

“Cənubi Qafqaz yol ayrıcında: Regional sabitlik üçün çağırışlar” adlı paneldə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin müstəqilliyini qazandığı ilk günlərdən bəri öz rifahını tərəfdaş və qonşu ölkələrlə birgə inkişafda gördüyünü vurğulayıb. Səfir Azərbaycanın yerləşdiyi regionda Gürcüstan və Türkiyə ilə üçtərəfli səviyyədə strateji əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib və davamlı olaraq xarici işlər və müdafiə nazirləri səviyyəsində görüşlərin keçirildiyini vurğulayıb. O, bu əməkdaşlığın bünövrəsində enerji və nəqliyyat layihələrinin dayandığını bildirib. Azərbaycan, Gürcüstan və Türkiyənin dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi üzərində işlədiyini bildirən E.Süleymanov sözügedən layihəyə 40 milyard ABŞ dolları həcmində investisiya yatırıldığını diqqətə çatdırıb. 1918-ci ildə müsəlman Şərqində ilk respublika yaradan Azərbaycanın hələ o zamanlardan Gürcüstanla uğurlu əməkdaşlıq əlaqələri qurduğunu qeyd edən səfir bu əlaqələrin tarixi köklərə malik olduğunu bildirib. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Gürcüstan ilə əməkdaşlığı davam etdirdiyini vurğulayan diplomat ümummilli lider Heydər Əliyevin Gürcüstanın və Türkiyənin ovaxtkı prezidentləri Eduard Şevardnadze və Süleyman Dəmirəl ilə qurduğu şəxsi dostluq münasibətlərinin üç dövlət arasında əlaqələrin daha da inkişafına gətirib çıxardığını qeyd edib. Səfir Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və həyata keçirdiyi regional layihələr sayəsində bu gün Azərbaycanın Gürcüstan və Türkiyə ilə münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Azərbaycan və Gürcüstanın müstəqilliklərini bərpa etdikdən sonra ərazi bütövlüklərinə təhdidlərin yarandığını vurğulayan E.Süleymanov ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb. O, Ermənistanın işğalçı siyasət nəticəsində özünü bütün regional layihələrdən təcrid vəziyyətinə saldığını qeyd edib. Ermənistanın düşdüyü ağır vəziyyətdən nəticə çıxara bilmədiyini bildirən səfir bu xüsusda Azərbaycan-Gürcüstan münasibətlərini nümunəvi tərəfdaşlıq modeli kimi xarakterizə edib. Səfir Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyadan gözləntisinin münaqişənin həlli ilə bağlı davamlılıq nümayiş etdirməsi olduğunu qeyd edib.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu yaxınlarda regiona səfər etdiyini xatırladan E.Süleymanov bu səfərin ABŞ-ın regiona marağının yenidən artmasının göstəricisi olduğunu bildirib. İşğal olunmuş ərazilərimizdə qurulmuş qondarma rejimin “rəhbəri” Bako Saakyanın ABŞ-a hazırkı gəlişini təəssüf hissi ilə bildirən səfir Saakyanın ABŞ-da qeyri-qanuni fəaliyyətlər üçün maliyyə ianəsi topladığını qeyd edib. O, ABŞ-ın müharibə cinayətkarı olan Saakyana viza verməklə region ölkələrinə səhv ismarıc yolladığını və Avrasiya məkanında separatçı rejimlərə münasibətdə qeyri-ardıcıl siyasət yürütdüyünü vurğulayıb. Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını qeyd edən səfir ölkəmizin Gürcüstanın ərazi bütövlüyü ilə bağlı BMT-də irəli sürülən bütün qətnamələri dəstəklədiyini, Ermənistanın isə bu qətnamələrə qarşı səs verdiyini diqqətə çatdırıb. Səfir Azərbaycan və Gürcüstanın GUAM təşkilatının həmtəsisçi ölkələrindən olduqlarını bildirib. ABŞ-ın regionda həyata keçirdiyi ən uğurlu layihələrdən birinin Bakı-Tbilisi-Ceyhan olduğunu vurğulayan diplomat layihəyə 1996-cı ildə start verildiyini və 2006-cı ildə tikinti işlərinin başa çatdığını qeyd edərək layihənin ABŞ-ın həm demokrat, həm də respublikaçı administrasiyaları tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Azərbaycanın və Gürcüstanın dünyanın mürəkkəb regionunda yerləşdiyini və müxtəlif çağırışlarla üzləşdiyini vurğulayan səfir ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu çağırışların inkişaf və əməkdaşlıq üçün yeni imkanlara çevrildiyini bildirib.

E.Süleymanovla eyni paneldə çıxış edən Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze regiondakı sabitliyin qorunması məqsədilə hər iki ölkənin eyni mövqedən çıxış etdiyini vurğulayıb. Gürcüstanın müdafiə və təhlükəsizlik sahələrində Azərbaycan və Türkiyə ilə üçtərəfli səviyyədə yaxından əməkdaşlıq etdiyini qeyd edən səfir 2012-ci ildən bəri hər üç ölkənin müdafiə nazirlərinin mütəmadi olaraq görüşlər keçirdiyini bildirib. Gürcüstanın Azərbaycanla enerji və nəqliyyat sahələrində də yaxından əməkdaşlıq etdiyini qeyd edən diplomat bu sahələrdə həyata keçirilən layihələrə ABŞ tərəfindən də böyük maraq göstərildiyini diqqətə çatdırıb.

“Azərbaycan-Gürcüstan: Avropa və Asiya arasında enerji və ticarət üçün strateji körpü” adlı ikinci paneldə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov və Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun Ramsfeld Təqaüd Proqramının direktoru David Sumbadze Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirin təşkilində Azərbaycandan və Gürcüstandan olan tələbələr, o cümlədən Fuad Şahbazov xüsusi rol oynayıb.