YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək

“Dövlət başçısı tərəfindən "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanın imzalanması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin davamıdır. Bu sənədin imzalanması dilimizin saflığı, qorunması ilə bağlı mühüm bir addımdır”. Bu fikirləri Milli Məclisin deputatı, akademik  Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, vaxtilə Milli Elmlər Akademiyasında bu məsələ ilə bağlı müzakirələr aparılmış, təkliflər irəli sürülmüşdü. Onun sözlərinə görə, imzalanan Fərman da dilimizin qorunması istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır.

“Bu gün dilimizə həm daxildən, həm də xaricdən müəyyən müdaxilələrin olduğu gizli deyil. Ölkəmizdə aparılan dil siyasəti isə özündə ana dilimizin qorunmasını və inkişaf etdirilməsini ehtiva edir. Bu mənada, müvafiq Fərman olduqca vacib xarakter daşıyır. Belə ki, Fərmana əsasən qeyd edilən məsələlərlə bağlı "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Bu mərkəz dövlət dilinin tətbiqinə nəzarət edəcək. Dövlət Dil Komissiyasına kifayət qədər tanınmış mütəxəssislər daxildir və həmin mütəxəssislər dilimizi yad təsirlərdən qorumaq üçün hər zaman müəyyən işlər görürlər. Yeni yaradılacaq Monitorinq Mərkəzinə də peşəkar, bu işləri yaxşı bilən və dildə gedən prosesləri müşahidə etməyi bacaran səriştəli mütəxəssislər cəlb olunacaqlar. Bu artıq ictimai qurum deyil, dövlət qurumudur və dövlət qarşısında məsuliyyəti var. Təbii ki, bu mərkəz üçün iş şəraiti yaradılacaq və qəbul etdiyi qərarlar da ciddi şəkildə qəbul olunacaq. Bu cəhət çox vacibdir. Ən əsas məsələ isə odur ki, problemlərin həlli ilə bağlı orientasiya dəqiq müəyyənləşib. Yəni dilin işlənməsi ilə bağlı hansı sahələr üzərində müşahidələrin aparılacağı və orada gedən proseslər dəqiq müəyyən edilib. Bunun birincisi KİV-lərdir. Çünki dildə gedən proseslərə, dilin normalarına təsir göstərə bilən əsas sahə KİV-dir. KİV-in şəbəkəsi də genişdir. Buraya yazılı, yəni çap və şifahi, yəni televiziyalar daxildir. İkinci sahə isə əhəmiyyətinə görə ondan heç də geri qalmayan və ən çox problemlər yaşanan internet resurslarıdır. Çunki burada hər kəs yazmaq imkanına malikdir. Ona görə də bu sahədə bizim problemlərimiz çoxdur və bu sahəyə daha çox diqqət yetirmək və prinsipial işlər görmək lazım gələcək. Və nəhayət, üçüncü bizim üçün əhəmiyyətli sahə reklam daşıyıcılarıdır. Reklam daşıyıcılarında dillə bağlı ən böyük qüsurlardan biri xarici dillərin reklamlara daha çox təsiridir. Bunun həm qarşısı alınmalıdır, həm də Azərbaycan dilinin reklam üslubunun inkişafı üçün müəyyən tədbirlər görülməlidir. Bu üç sahədə işlər aparılmalıdır.  Şübhə etmirik ki, bu mərkəzin yaradılması Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsirini göstərəcək”-deyə, N.Cəfərov vurğulayıb.